Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4301/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "Azəriqaz" İB-yə vurulmuş 14027,24 manat məbləğində zərərin və 132,08 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 14159,32 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci ildə AK 2/31380 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"si imzalanmış və həmin Müqavilə əsasında "Azəriqaz" İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G- 4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən Müqavilənin 2.3.2ci yarımbəndinin (həmin Müqavilənin və "X2"nın tələblərinə əməl etmək) və "X2"nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən "Təbii X2nın pozulması haqqında" aktlar tərtib edilmişdir. Cavabdeh yuxarıda qeyd edilən təqsirli hərəkətləri nəticəsində Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 944,64 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 8812,80 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 4406,40 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cəmi 14163,84 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 944,64 manat zərərdən 136,60 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli olan borc məbləği hazırda abonentin saldo üzrə ümumi 14027,24 manat təşkil etməkdədir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2024-cü ildə cavabdeh tərəfindən məhkəməyə iddia qarşı etiraz təqdim edilmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya heç bir zərər vurmamışdır. O, ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Belə ki, 2015-ci ilə qədər təbii qazın fasilələrlə verilməsi, hətta verilməməsi səbəbindən qəsəbə sakinləri arasında narazılıqlar yaranmış və ödənişlər mütəmadi olmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən abonentlərə külli miqdarda cərimə aktları tərtib edilmiş və şişirdilmiş borclar yaranmışdır. xx.xx.2015-ci ildə "Nardaran hadisələri"ndən sonra kənd sakinlərinin qaza görə "Azəriqaz" İByə olan borcları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən silinmişdir. O, "Nardaran hadisələri"ndən qabaq sayğacdan kənar, əlavə qaz xəttindən istifadə etdiyini, 8-10 il əvvəl sayğacdan kənar əlavə qaz xəttini qaynaq vasitəsi ilə ləğv etdiyini, lakin 2021-ci ilin noyabr avında qaynaqdan sızmanı aşkar etdikdə həmin hissəni taxta parçası ilə qapadığını və sızmanın qarşısını almaq ücün əraziyə nəzarət edən "Azəriqaz" İB-nin əməkdaşını xəbərdar etmis və... xx.xx.2021-ci ildə "Azəriqaz" İB tərəfindən ünvan 2 ünvanına abonentin iştirakı olmadan küçədə quraşdırılmış SMART G-4 İTRON GALLUS tipli 1702AZ**********63 nömrəli qaz sayğacına və qaz xəttinə baxış keçirilmiş, sayğacdan kənar, qeyri-qanuni əlavə qaz xəttindən istifadə olunması aşkar edilmiş, foto-şəkillər çəkilmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və xx.xx.2021-ci ildə dəymiş ziyanın hesablanması və ödənişin təmin edilməsi barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyanın həcmi 8856 m3 hesablanmış və abonentin hesab koduna 944,64 manat borc yazılmışdır. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər xx.xx.2021-ci ildə saat 11:41 radələrində çəkilsə də, ******* nömrəli akt 1 gün qabaqdan, yəni xx.xx.2021-ci ildə tərtib edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2021-ci il tarixli "X4"na dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması" məqsədi ilə 8856 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 944,64 manat borc yazılmışdır. xx.xx.2022-cü ildə saat 01:53 radələrində, yenidən iddiaçı tərəfindən ünvan 2 ünvanına (abonentin iştirakı olmadan, abonent və ailə üzvləri gecə saatlarında evdə olmuşlar) küçədə quraşdırılmış SMART G- 4 İTRON GALLUS tipli 1702AZ**********63 nömrəli qaz sayğacına və qaz xəttinə baxış keçirilmiş, guya sayğacdan kənar qeyri-qanuni əlavə qaz xəttindən istifadə olunması aşkar edilmiş, foto-şəkillər çəkilmiş sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş halbuki xx.xx.2021-ci ildə ləğv edilmişdi və xx.xx.2022-ci ildə dəymiş ziyanın hesablanması və ödənişin tərtib edilməsi barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyanın həcmi 3440 m3 hesablanmış və abonentin hesab koduna 8812,80 manat borc yazılmışdır. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixi "X4"na dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması məqsədi ilə 73440 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 8812,80 manat borc yazılmışdır. İddiaçı "X2"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qaz paylacısı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Gırundüyü kimi qanunvericilik imperativ qaydada qaz paylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsini qoymuşdur. İddiaçı iddia ərizəsində mubahisətəndirdiyi digər xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4406,40 manat borc 14 mart 2024-cü il tarixli Abonentin Saldosunda qeyd olunsa da 15 aprel 2024-cü il tarixli GASREPdə öz əksini tapmamış və həmin akt iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə, aktlar abonentin və va qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana bir neçə dəfə baxış keçirilmiş və sayğacdan kənar əlavə qaz xətti ləğv edilmişdir. İddiaçı "Azəriqaz" İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə edərək bildirmişdir ki, polisə müraciət olunmamışdır. Hesabat müddəti 24 saat, 90 gün kimi hesablanmışdır. Cavabdeh 2020-ci ilin noyabr ayında 26 manat, oktyabr ayında 16 manat, avqust ayında isə 11 manat ödəniş etmiş, sentyabr ayında isə ödəniş etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək qoşulma etmədiyini bildirmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli AK2/31380 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə"nin 1-ci maddəsinə əsasən, paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. - "Təbii X2nın pozulması haqqında" xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan kənar xətt vasitəsilə istifadə edir. - "Təbii X2nın pozulması haqqında" xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir. - "Təbii X2nın pozulması haqqında" xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir. - "Abonentin saldosu"ndan görünür ki, Cavabdeh qalıq və aktlar üzrə 2021-ci ilin noyabr ayı üçün 944,64 manat, 2022-ci ilin dekabr ayı üçün 8812,80 manat, 2024-cü ilin fevral ayı üçün 4406,40 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Qaz təchizatı haqqında" Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən norma xx.xx.2022-ci il tarixli ******* nömrəli akta, xx.xx.2024-cü il tarixli ******* nömrəli akta tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "X2"nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "Azəriqaz" İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia xx.xx.2022-ci il tarixli ******* nömrəli akta, xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş zərərin cavabdehdən tutulması hissədə rədd edilməlidir. Məhkəmə xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış 944,64 manat məbləğ zərərə münasibətdə aşağıdakıları qeyd etmək zərurəti vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında" Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Məhkəmə cavadehin qazdan qanunsuz kənar xətt vasitəsilə istifadə etməsi faktını və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən tərtib olunan akt üzrə dəymiş ziyan cavabdehdən tutulmalıdır. Digər tərəfdən isə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli "X4na dair tələbnamə"də: - PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə; - QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə; - dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m³, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin hesabatın hansı səbəbdən maksimal olaraq 24 saat aparılması göstərilməmişdir. Cavabdeh tərəfindən mütəmadi və fasiləsiz olaraq qaz plitəsinin, kombinin və digər qızdırıcılarının evdə 24 saat istifadəsi real deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, hesabatlar 24 saat deyil, 12 saat nəzərə alınmaqla aparılmalıdır. Beləliklə, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə cavabdeh iddiaçıya 472,32 manat məbləğində zərər vurmuşdur. Həmin məbləğdən 136,60 manat ödənildiyindən məhkəmə hesab edir ki, borc 335,72 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən, "Azəriqaz" İB-nin Cavabdeh vurulmuş zərərə görə tələbi etdiyi 14027,24 manatdan 335,72 manat məbləğində hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə 132,08 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 14027,24 manat məbləğində iddianın 335,72 manat hissəsi (2,4 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 2,4 faizi, yəni 3,17 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 128,97 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən "Azəriqaz" İB-yə 335 (üç yüz otuz beş) manat 72 (yetmiş iki) qəpik məbləğində vurulmuş zərər, 3 (üç) manat 17 (on yeddi) qəpik dövlət rüsumu, cəmi 338 (üç yüz otuz səqqiz) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq "Azəriqaz" İB-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-4301/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4301/2024
17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver