Məhkəmə qərarları › İş №e-2(008)-4332/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4332/2025

13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4332/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X3, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "3143 manat məbləğində sığorta ödənişinin və 51,43 manat məbləğində dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "3143 manat məbləğində sığorta ödənişinin və 51,43 manat məbləğində dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2017ci ildə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və "Mercedes Benz 190" markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci ildə "Mercedes Benz 190" markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində "Opel Astra" markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 3143 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Sabunçu RPİ DYPŞ-nin arayışına əsasən cavabdeh yolnəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt "Mercedes Benz 190" markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Həmçinin, cavabdeh Sabunçu RPİ-də verdiyi izahatında bildirmişdir ki, "Mercedes Benz 190" markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan (müddəti başa çatmış sürücülük vəsiqəsi ilə) idarə etmişdir. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan "Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat forması"ndan görünür ki, "Mercedes Benz 190" markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək sığortalanmışdır. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunan xx.xx.2018-ci il tarixli "Hesablama aktın"dan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində "Opel Astra" markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3143 manat məbləğində zərər dəymişdir. İşdə olan Sabunçu RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilməsi və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış"dan görünür ki, xx.xx.2018-ci ildə Cavabdeh idarə etdiyi "Mercedes Benz 190" markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarə etdiyi "Opel Astra" markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində X1 idarə etdiyi "Opel Astra" markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunan xx.xx.2018-ci il tarixli 4434/18/AA-4142/18 nömrəli "Sığorta aktı"ndan görünür ki, xx.xx.2018-ci ildə "Mercedes Benz 190" markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil "Opel Astra" markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və iddiaçı tərəfindən zərərçəkmiş şəxs X2 3143 manat məbləğində sığorta ödənişi edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli "Geriyə tələb (subroqasiya) məktubu"ndan görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 3143 manat məbləğində sığorta ödənişinin 10 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Müəyyən edildi ki, Cavabdeh idarə etdiyi "Mercedes Benz 190" markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci ildə "Opel Astra" markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə "Opel Astra" markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə sadalanan normalara əsaslanaraq bu qənaətə gəldi ki, iddiaçı zərərin aradan qaldırılması üçün ödədiyi 3143 manat məbləğində sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməli, Cavabdeh 3143 manat vurulmuş zərər alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci ildə ********** nömrəli mədaxil qəbzi ilə 51,43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3143 manat vurulmuş zərər, 51,43 manat dövlət rüsumu, cəmi 3194,43 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X7.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar