Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4424/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 1835 AZN (bir min səkkiz yüz otuz beş manat) əsas borc və 55 AZN (əlli beş manat) mediasiya prosesinin tətbiqi üçün xərc olmaqla, ümumilikdə 1890 AZN (bir min səkkiz yüz doxsan manat) məbləğində borcun (vəsait) tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19 mart 2021-ci il tarixdə cavabdeh, İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul olmuşdur. 30 iyun 2022-ci il tarixdə T1174-22 №-li əmrə əsasən cavabdehlə iddiaçı arasında 19 mart 2021-ci il tarixdə bağlanmış AS6666 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həmçinin, cavabdehlə iddiaçı arasında 13 aprel 2022-ci il tarixdə bağlanmış BM006-22 saylı borc müqaviləsinə əsasən cavabdeh bacısı X1 təcili tibbi vəziyyəti ilə əlaqədar öz ərizəsi ilə iddiaçıdan 2000 AZN (iki min manat) məbləğində borc almışdır. Adıçəkilən müqavilənin 2.9-cu maddəsinə əsasən alınmış borc 13 aprel 2023-cü il tarixinədək tam həcmdə geri qaytarılmalı olsa da, cavabdehin hazırda ödənilməmiş borcunun ümumi miqdarı 1835 AZN (bir min səkkiz yüz otuz beş manat) təşkil edir. Mübahisəsiz borcun tamamilə tutulması mümkün olmamışdır, çünki cavabdeh borc aldıqdan 3 (üç) ay keçmədən öz xahişi ilə işdən azad olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, 12 ay müddətinə qaytarmaq şərti ilə 2000 manat borc götürmüş, 530 manat əmək haqqı alırmış, razılaşmaya əsasən hər ay əmək haqqından 165 manat tutulmalı idi. İki ay əmək haqqından tutulma oldu, daha sonra işdən çıxdı, ödəniş edə bilmədi. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı ona bir il ərzində müraciət olunmayıbdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AS6666 nömrəli xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə satıcı-kassir vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 6 ay müddətinə bağlanmışdır. - İddiaçı MMC (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında bağlanmış BM006-22 nömrəli xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən avans olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitini borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq 12 ay ərzində borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Borcun qaytarılması 12 ayadək hissə-hissə ödənilməlidir. Borc 13 aprel 2023-cü il tarixədək tam həcmdə geri qaytarılmalıdır. Həmin müqavilə əmək müqaviləsinin tərkib hissəsidir. - T1174-22 nömrəli xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X2 birinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir. - 0207 nömrəli xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1835 manat məbləğində borcun 10 gün ərzində qaytarılmasını Cavabdeh tələb etmiş, əks halda, qanunvericiliyə əsasən məhkəməyə müraciət olunacağını bildirmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-00221/02 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - "xxxx" ASC-nin əmək haqqı üzrə çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 2000 AZN köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 15 saylı Mediasiya Təşkilatının hesabına 55.25 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 01/2023 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC-nin əməkdaşı olmuş Cavabdeh 2022-ci il may ayının əmək haqqından verilmiş 2000 AZN maddi yardım üzrə 165 AZN tutulma olmuşdur. Qalıq borc 1835 AZN təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, BM006-22 nömrəli xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən MMC-də satıcı-kassir vəzifəsində işləyən Cavabdeh xx.xx.2023-cü il tarixinədək hissə-hissə qaytarmaq şərti ilə avans olaraq 2000 manat məbləğində pul verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlığını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini tam şəkildə iddiaçıya qaytarmamışdır. Bununla da iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Qeyd edilənlərlə müəyyən edildi ki, borcun verilməsi barədə tərəflər arasında olan xx.xx.2022-ci il tarixli müqavilə (əqd) yazılı qaydada bağlanmışdır, həmin müqavilə (əqd) onun tərəfləri sayılan İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli borc müqaviləsi əsasında Cavabdeh İddiaçı MMC-dən 2000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında borc müqaviləsi mövcud olmuşdur, iddiaçının xəbərdarlığına əhəmiyyət verməyən cavabdeh borcunu tam şəkildə qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında iddiaçının cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, BM006-22 nömrəli xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə Cavabdeh 1835 manat məbləğində borc tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 55 manat məbləğində mediasiya xərci cavabdehdən alınıb iddiaçıya verilməli, həmçinin, cavabdehdən 38.90 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. BM006-22 nömrəli xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə Cavabdeh 1835 manat borc və 55 manat mediasiya xərci olmaqla, cəmi 1890 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 38.90 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-4424/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4424/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver