Məhkəmə qərarları › İş №e-2(008)-4459/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4459/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4459/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia və tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2235 ABŞ dolları əsas borcun, illik 5% hesablanmaqla 467 ABŞ dolları faiz borcunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2020-ci il tarixdə 6000 ABŞ dolları pul vəsaiti borc vermişdir. Borc alan xx.xx.2020-ci tarixli əl yazmasında borc vəsaitini xx.xx.2020-ci il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin icrası üçün müəyyən edilmiş vaxtdan 2 ildən çox keçməsinə baxmayaraq, cavabdeh öhdəliklərini icra etməmiş, onun 3117 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. İşin hallarında aydın olur ki, cavabdeh iddiaçının 3117 ABŞ dolları pul vəsaiti 3 ilə yaxındır qanunsuz olaraq saxlayır. Həmin müddət ərzində iddiaçı öz pul vəsaitindən məhrum olmuşdur. Buna görədə həmin pul vəsaiti cavabdehdən tutularkən pul öhdəliklərinin icrası ilə bağlı müddəalar tətbiq edilməli, həmin 3 illik müddət üçün Mərkəzi Bankı uçot dərəcəsi miqdarında illik faiz hesablanmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh borcunun bir qismini ödəmiş, ona görə də iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə vermişdir. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Bununla belə, əvvəlki məhkəmə iclasında Cavabdeh İddiaçı borcu olduğunu etiraf etmiş, həmin borcu qaytarması üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan Cavabdeh adından yazılmış, onun və İddiaçı tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh iddiaçıdan 6000 ABŞ dolları məbləğində borc götürmüş, həmin pulu xx.xx.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh yuxarıda göstərilən öhdəliyini vaxtında və lazımınca yerinə yetirməyərək, iddiaçıdan aldığı borcu qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2-ci maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf cavabdehdən iddia tələbinin 2235 ABŞ dolları məbləğində borcun qaytarılmasına dair hissəsinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı 6000 ABŞ dolları dolları məbləğində borc götürmüşdür və borc öhdəliyini lazımı qaydada icra etmədiyindən onun hazırda iddiaçıya 2235 ABŞ dolları məbləğində borcu qalmışdır və həmin borc iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin xx.xx.2020-ci il tarixədən hazıkı vaxtadək pul iddiaçıya qaytarılmadığı üçün hər il 5% hesablanmaqla pulun tutulması hissəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qarşı tərəfin pul öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində ona nə kimi zərər dəydiyini göstərməmiş və buna dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin işdə olan, İddiaçı və Nümayəndə arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və eyni tarixli ödəniş qəbzindən görünür ki, hazırkı mübahisə ilə əlaqədar iddiaçı tərəfindən sonuncuya 1000 manat məbləğində pul ödənilmişdir. İşdən o da görünür ki, ididaçı tərəfindən Nümayəndə adına etibarnamə verilməsi ilə əlaqədar 17 manat rüsum ödənilmişdir. Məhkəmə Cavabdeh qarşı iddia tələbinin əsas borcun tutulması hissəsində təmin edildiyini nəzərə alaraq hesab edir ki, 1000 manat məbləğində hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərc və 17 manat etibarnamə verilməsi ilə əlaqədar xərcin əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, (məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər) dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun uyğun olaraq 58 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 2235 (iki min iki yüz otuz beş) ABŞ dolları manat məbləğində ödənilməmiş borc və cəmi 1017 (min on yeddi) manat məbləğində hüquqi yardımın göstərilməsi və etibarnamə verilməsi ilə əlaqədar çəkilmiş xərcin əvəzi alınaraq, İddiaçı verilsin. Cavabdeh 58 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar