Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4497/2024 22.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün əlavə xərc kimi pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ rayon Məhkəməsinin 2(025)-756/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2020ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment məbləğininin artırılaraq cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, eyni zamanda müalicəsi ilə alaqədar əlavə xərc olaraq hər ay 200 manat məbləğində pul vəsaitinin və 50 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Məhkəməsinin 2(025)-756/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 160 manat sabit pul məbləğində tutulmuşdur. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kiyayət etmir, eyni zamanda uşaq «nitq qüsuru» xətsəliyndən əziyyət çəkir, müntəzam olaraq həkim müayinəsi və müalicəsinə ehtiyac var. Bunun üçün əlavə xərcin tutulmasına zərurət var. Cavabdeh aşağıdakı məzmunda iddiaya etiraz vermişdir. Aliment məbləği müəyyən ediləndən bu günə kimi hər ay vaxtlı-vaxtında və tam şəkildə ödəyir. Həmçinin iddiaçının tələbinə qızıl-zinət tələbi ilə bağlı çıxarılmış qətnamə hazırda Qəbələ rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Həmin qətnamə üzrə də iddiaçıya ödənişlər edir. Hansı ki, həmin qızıllar qarşı tərəfin də razılığı ilə birgə nikah dövründə satılmışdır. Bundan əlavə iddiaçı müvafiq məhkəmə qətnaməsi ilə birgə nikah dövründən əvvəl əldə etdiyi pul əsasında birgə nikah dövründə əldə etdiyi və birgə nikah dövründə satdığı maşınlar üzərində də 1/2 hissədə payını tanıtmışdır. Bu qətnamələr cavabdehin ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Həmçinin cavabdeh xx.xx.2024-cü il tarixdə Qaçayeva (Abdurahmanlı) Cəmilə Elxan qızı ilə yenidən ailə həyatı qurmuşdur. Arvadı hal-hazırda 12-13 həftəlik hamilədir, hamiləliyi ilə yanaşı “hipotireoz” xəstəliyindən də əziyyət çəkir, daim həkim nəzarətində və müalicədədir. Bundan əlavə iddiaçı uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün əlavə xərc kimi pul tələb edir. Lakin, uşağın xəstəliyinin konkret olaraq nədən ibarət olduğunu, həmçinin uşağın xəstəliyi, davamlı müalicə alması ilə bağlı iş materiallarına hər hansı sübut əlavə etməmişdir. İş materiallarına 2022-ci ildə verilmiş analiz cavablarını, xx.xx.2023-cü il tarixdə yazılmış həkim reseptini əlavə edib. Əlavə etdiyi digər resept blankında isə gözlə görüləcək şəkildə xx.xx.2023-cü ildə yazılmış blankın üzərində tarixi saxtalaşdıraraq, xx.xx.2024-cü il tarix yazaraq məhkəmənin diqqətini hər il həkim müayinəsində olması ilə bağlı səhv istiqamətə yönəltmək istəyir. Lakin iddiaçı bu günə qədər cavabdehə uşağın xəstəliyi ilə bağlı hər hansı müraciət etməyib. İddiaçı iddia ərizəsində “hal-hazırda uşağa görə ödənilən alimentin məbləği onun təlabatlarını ödəmir, digər tərəfdən X6“nitq qüsuru” xəstəliyindən əziyyət çəkir, müntəzəm olaraq həkim müayinəsinə və müalicəsinə ehtiyacı var. Müalicə hər ay aparılır, müntəzəm olaraq psixoloq, loqoped, psixopedeqoq yanına və 3 ayda bir dəfə Bakı şəhərində nevropataloq müayinəsinə aparılır, həkimə ödənilən ödəniş və gediş-gəliş haqqı ilə birlikdə 150 manat civarında başa gəlir. Müalicəsi ilə əlaqədar hər ay dərmanlarına 100 manata qədər pul xərclənir. Ümumilikdə, bütün bunlara görə ödənilən xərclər valideynlərimin köməkliyi ilə qarşılanır. Cavabdeh şəxs isə əlavə xərclərdə iştirak etmir və köməklik göstərmir. Ona görə də cavabdeh şəxsdən aliment məbləğinin qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutulmasını və uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay ödənilən əlavə xərc kimi pul vəsaitinin tutularaq mənə verilməsini istəyirəm” qeyd etmişdir. Hazırda ölkədə icbari tibbi sığorta üzrə bütün xəstələrin müayinəsi pulsuz aparılır. Heç bir dövlət xəstəxanasında həkim müayinəsi, əlavə tibbi xidmətlərin göstərilməsi üçün ödəniş tələb olunmur. İddiaçı bütün bunları qeyd etməklə ondan əsassız şəkildə əlavə pul almaq istəyir. Həmçinin uşağın davamlı müayinə və müalicələrə aparılması ilə bağlı məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməyib. Müayinədə hər hansı ödəniş etməsi ilə bağlı hər hansı ödəniş qəbzi təqdim etməyib. Hər bir insan uşaqlar, və ya böyük olmasından asılı olmayaraq, daim həkim müayinəsində olmalıdır. İddiaçı həmin sənədləri məhkəməyə təqdim edərək, ondan əlavə xərc tələb edir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 160 manat aliment məbləği müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı yaxşılaşma qeydə alınmayıb. Heç yerdə işləmir, aylıq müntəzəm gəliri yoxdur, maddi vəziyyəti daha da ağırlaşmışdır. Belə ki, ailə qurmuşdur və arvadı hamilədir, artıq yeni doğulacaq uşağının da maddi vəziyyətini nəzərə almalıdır. X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment məbləği müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. eyni zamanda qeyd etdi ki, qızının nitq qüsuru var, indi-indi bəzi sözləri deməyə başlayıb, cavabdehin mülkiyyətində iki avtomobil var, onun rəsmi iş yeri olmasa da, o, həmin avtomobillərlə zavodlardan mağazalara mal daşıyır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2020-ci il tarixdə doğulmuş X6 (Qəbələ «ASAN xidmət» X7 tərəfindən verilmiş AZ-T seriyalı 249673 №-li doğum haqqında şəhadətnamə). Qəbələ rayon Məhkəməsinin 2(025)-756/2022 №-li xx.xx.2022-ci il tarixli il tarixli qətnaməsi ilə tərəflərin aralarındakı nikah pozulmuş, X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 160 manat sabit pul məbləğində tutulmuşdur. İddiaçı tərəfindən X4 aid analizlərin cavabları, dərman reseptləri təqdim edilmişdir (xx.xx.2022, xx.xx.2022, xx.xx.2023). "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 41 №-li arayışdan görünür ki, X6 xx.xx.2024-cü il tarixdən psixoloji dəstək alır. İddiaçı 2024-cü ilin may, iyun ayları üzrə "xxxx" MMC-yə 12, 15 manat məbləğində edilən ödənişləri təsdiq edən çoxsaylı satış çekləri, xx.xx.2024-cü il tarixdə 200 manat məbləğində satış çeki təqdim edilmişdir. Həmin çeklrədrən ödənişlərin məhz X6 üçün edildiyi görünməsə də, ödənişlərin Nuray üçün edildiyini məhkəmə qəbul edir. Elektron məhkəmə sistemindən cavabdehin mülkiyyətində bir yaşayış evinin və bir avtomobilinin olduğu görünür. Cavabdeh xx.xx.2024-cü il tarixdə X1 ilə nikahını bağlamışdır (602421 №-li nikah haqqında şəhadətnamə). İddiaçı xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləğininin artırılaraq cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını, eyni zamanda müalicəsi ilə əlaqədar əlavə xərc olaraq hər ay 200 manat məbləğində pul vəsaitini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.1-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, uşağın tələbatları artdığından xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 160 manat məbləğində alimentin məbləğini artırılaraq cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutulmalı, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, cavabdeh valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatlarını təmin etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşağın ananın yanında qalması və onun günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib - işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. Məhkəmə hesab edir ki, cavabdehin nikaha girməsi onu uşağına qarşı olan aliment öhdəliyindən azad etmir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağın tələbatını təmin etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşaqlar ananın yanında qalması və onların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, "...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. "Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Məhkəmə « Nurayın müalicəsi ilə əlaqədar əlavə xərc olaraq hər ay 200 manat məbləğində pul vəsaitinin tutulması» barədə iddia tələbinə dair məhkəmə aşağıdakıları qeyd emək istəyir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd edildiyi kimi, Nurayın səhhətində ciddi problemlər var, o, mütəmadi olaraq psixoloji dəstək alır, cavabdehin rəsmi iş yeri olmasa da onun mülkiyyətində mənzil və avtomobil var. Lakin, cavabdehin hazırda yeni ailə qurduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, o, uşağının müalicəsi ilə əlaqədar problem həll olunana qədər əlavə xərclərə 50 manat məbləğində cəlb edilməlidir. Adıçəkilən maddi normalar Ailə Məcəlləsinin «Ailə üzvlərinin aliment öhdəlikləri» adlanan beşinci bölməsində yerləşdiyindən məhkəmə hesab edir ki, həmin 50 manat əlavə xərc xx.xx.2024-cü il tarixdən (iddia verildiyi tarixdən) tutulmalı və qətnamənin həmin hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bir illik alimentin artırılmış məbləği 675 manat təşkil edir (235 manat – 160 manat) + 50 manat x 12 ay = 1500 man). Odur ki, məhkəmə hesab elir ki, 1500 manat iddia tələbinə görə 35 manat dövlət rüsumunun tutulması nəzərdə tutulduğundan və iddiaçı 50 manat məbləğində mediasiya xərcini ödədiyindən cavabdehdən dövlət rüsumu tutulmamalıdır. Lakin, iddiaçı ödədiyi 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Qəbələ rayon Məhkəməsinin 2(025)-756/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 160 manat məbləğində alimentin məbləği artırılaraq Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci alimentin artırılmış hissəsi qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq İddiaçı xeyrinə tutulsun. X3 müalicəsi ilə əlaqədar əlavə xərc olaraq hər ay 50 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə 50 manatın tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-4497/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4497/2024
22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver