Məhkəmə qərarları › İş №e-2(008)-4501/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4501/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4501/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3804,36 manat əsas, 10,50 manat faiz, cəmi 3814,86 manat pul vəsaitinin və 58,15 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə, Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli Çərçivə Kredit müqaviləsinə əsasən ona 10 il müddətinə illik 2 faiz dərəcəsi ilə 973,75 manat məbləğində təhsil krediti ayrılmışdır. Kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən kreditin məbləği hər tədris semestri üçün tələbənin müraciəti əsasında tranşlarla bank tərəfindən təhsil müəssisəsinin hesabına köçürülür. Müqavilənin 2.1-ci maddəsinə əsasən isə kreditlərin verilməsi tranşlarla təşkil edilir növbəti tranşlar kredit müqaviləsinə edilmiş əlavələrlə rəsmiləşdirilir. Qeyd olunan kredit müqaviləsinə elektron qaydada edilmiş xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən 973,75 manat, xx.xx.2024-cü il tarixli Əlavəyə əsasən 973,75 manat, xx.xx.2024-ci il tarixli Əlavəyə əsasən cavabdehə 973,75 manat təhsil krediti verilmişdir. Kredit müqaviləsinin 2.3 və 2.3.1-ci maddələrinə əsasən borcalan tərəfindən kreditin qaytarılması öhdəliyi güzəşt dövründən sonra yaranır. Qrafik üzrə ödəniş nəzərdə tutulmayan Güzəşt dövründə borcalanın əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə kreditin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır. Kredit məbləğinə faiz hesablanmağa başlanır, kredit ödənişi tələbi formalaşır və möhlət dövrü bitməmiş tələbə işdən çıxarılarsa möhlət dövrü bərpa edilmir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 3804,36 manat əsas, 10,50 manat faiz, cəmi 3814,86 manat borcu yaranmışdır. Cavabdeh 10 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia etiraz etdiyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4501/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması” tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-ci maddələrinin tələblərinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 24 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, tələbə krediti ilə bağlı çərçivə kredit müqaviləsini bağladığını, ona haradasa işləyib-işləməməsindən asılı olmayaraq təhsil müddəti bitdikdən 2 il sonra ödəniş etməyə başlayacağını, əvvəl e-manat şirkətində işlədiyini, həmin müddətdə aylıq 35 manat ödədiyini və səhhəti ilə əlaqədar işdən çıxdıqdan sonra ödəniş ödəməyə imkanın çatmadığını bildirmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə, Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli Çərçivə Kredit müqaviləsinə əsasən ona illik 2 faiz dərəcəsi ilə, 973,75 manat məbləğində təhsil krediti ayrılmışdır. Qeyd olunan kredit müqaviləsinə elektron qaydada edilmiş xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən 973,75 manat, xx.xx.2024-cü il tarixli Əlavəyə əsasən 973,75 manat, xx.xx.2024-ci il tarixli Əlavəyə əsasən 973,75 manat təhsil kreditləri verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 3804,36 manat əsas, 10,50 manat faiz; cəmi 3814,86 manat borcu borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişin surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuş, müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi kredit məbləğinin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddia tələbi əsas və faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qanuni və əsaslıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış “Çərçivə kredit müqaviləsinin” 2.3-cü bəndinə əsasən borcalandan tərəfindən Kreditin geri qaytarılması bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan hər tranş üzrə tərtib edilən Ödəniş qrafikinə əsasən həyata keçirilir. Borcalan tərəfindən kreditin qaytarılması öhdəliyi güzəşt dövründən sonra yaranır. Kreditin geri qaytarılması və kredit məbləğinə faizin hesablanması ilə bağlı Borcalan üçün güzəşt dövrü və möhlət dövrü müəyyən edilir: 2.3.1. Güzəşt dövrü - təhsilin normativ müddətindən dərhal sonra yaranan və Borcalandan borcun qaytarılması tələb olunmayan və kredit faizi hesablanmayan 2 (iki) illik dövrdür. Güzəşt dövründə Borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, kreditin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır (kredit məbləğinə faiz hesablanmağa başlayır və yeni qrafik üzrə kredit ödənişi tələbi formalaşır, güzəşt dövrü bitməmiş Borcalan işdən çıxarsa güzəşt dövrü bərpa edilmir). 2.3.2. Möhlət dövrü - kreditin qaytarılması müddətində borcalandan borcun qaytarılması tələb olunmayan və kredit faizi hesablanmayan dövrdür. Möhlət dövrünə aid edilən hallar: a) yuxarı təhsil səviyyəsində əyani təhsil; b) həqiqi hərbi xidmət; c) məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması); d) işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət; e) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və İ dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti. Möhlət müddətində Borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv edilir (kredit məbləğinə faiz hesablanmağa başlayır və qrafik üzrə kredit ödənişi tələbi formalaşır, möhlət dövrü bitməmiş tələbə işdən çıxarsa möhlət dövrü bərpa edilmir). Məhkəmə araşdırması zamanı cavabdehin izahatından da göründüyü kimi e-manat şirkətində işlədiyini, həmin müddətdə aylıq 35 manat ödədiyini və səhhəti ilə əlaqədar işdən çıxdıqdan sonra ödəniş ödəməyə imkanın çatmadığını bildirsə də kredit müqaviləsindən də göründüyü kimi güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyindən, kreditin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranmışdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 58,15 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3804,36 (üç min səkkiz yüz dörd manat otuz altı qəpik) manat əsas, 10,50 (on manat əlli qəpik) manat faiz, cəmi 3814,86 (üç min səkkiz yüz on dörd manat səksən altı qəpik) manat borc və 58,15 (əlli səkkiz manat on beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar