Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4671/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 oğlunun, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 Alı oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “maddi zərəin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin təmiri üçün 16.120 (on altı min yüz iyirmi) manat pul vəsaiti və Cavabdeh 139 (bir yüz otuz doqquz) manat dövlət rüsumu və hüquqi xidmətin göstərilməsi üçün ödənilən 300 (üç yüz) manat miqdarında pul vəsaiti alınaraq – İddiaçı Məhəmməd qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan “BYD QİN PLUS” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh idarə etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 02:58-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Cavabdeh “BYD QİN PLUS” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” qanunun tələblərini pozaraq idarəetməni itirmiş, X1 idarə etdiyi “Nissan Navara” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə avtonəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Cavabdeh törətdiyi hadisəyə görə əməlində İXM-nin 327.1-ci maddəsi ilə Suraxanı rayon DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək, 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh ilə dəfələrlə telefonla əlaqə saxlanılaraq avtomaşına dəymiş ziyanın ödənilməsi tələb olunsa da, o hadisəni törətməkdə peşman olduğunu və dəymiş zərəri ödəməyə hazır olduğunu bildirmişdir. Lakin daha sonra Cavabdeh zənglərə cavab verməməklə yanaşı, dəymiş zərəri ödəməkdən imtina etmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı “AVTOPROJECT” təmir məntəqəsinin verdiyi hesabata əsasən, İddiaçı mülkiyyətində olan “BYD QİN PLUS” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 16.120 (on altı min yüz iyirmi) manat məbləğində zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın əsassız olduğunu, təqdim edilmiş rəy ilə razılaşmadığını, həmçinin cavabdehin zərəri ödəmək qabiliyyətində olmadığını, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəqliyyat vaistəsinin qeydiyyat şəhadətnaməsinin surətindən günür ki, “BYD QİN PLUS PLUG-İN HİBRİD MİNİK” markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi xx.xx.2024 -cü il tarixdən İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı X2 “BYD QİN PLUS PLUG-İN HİBRİD MİNİK” markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair istənilən şəxsə etibarnamə verməyi, müvafiq sənədləşdirmə işləri görməyi və sair bir sıra səlahiyyətləri etibar etmişdir. Təqdim edilmiş çıxarışdan görünür ki, X4 “BYD QİN PLUS PLUG-İN HİBRİD MİNİK” markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixli etibarnamə əsasında Cavabdeh istifadəsinə vermişdir. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 03:00-da Əmircan qəsəbəsində “BYD QİN PLUS PLUG-İN HİBRİD MİNİK” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nın 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İddiaçı tərəfindən təqdim edilmiş avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı “AVTOPROJECT” təmir məntəqəsinin verdiyi hesabata əsasən, İddiaçı mülkiyyətində olan “BYD QİN PLUS” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 16.120 (on altı min yüz iyirmi) manat məbləğində zərər dəymişdir. İcbari sığorta Müqavilələrinin mövcudluğunun yoxlanılması barədə məlumatdan görünür ki, “BYD QİN PLUS PLUG-İN HİBRİD MİNİK” markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Məhkəmə dəymiş zərərin məbləğini müəyyən etmək məqsədilə iş materiallarını müstəqil qiymətləndirici "xxxx" MMC-yə göndərmiş, MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan “BYD QİN PLUS” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği işçilik pulu daxil olmaqla 10 170 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı “EKOL” Vəkil Bürosuna 300 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı 139 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı 16.120 manat məbləğində pulun ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin edilməli qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri üzündən onun idarə etdiyi avtomobilə törədilmiş yol qəzası nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir. Mütəxəssis rəyindən məlum olur ki, “KİA Sorento” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı 6366 manat məbləğində maddi ziyan dəymişdir. Mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, “BYD QİN PLUS PLUG-İN HİBRİD MİNİK” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə 10 170 manat məbləğindən zərər dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan avtomobilə dəymiş zərəri cavabdehsən təqdim etməkdə haqlıdır, lakin zərərin məbləği mütəxəssis rəyinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumilikdə 10 170 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu təmin edilmiş məbləğə əsasən 120.51 manat rüsum cavabdehdən tutularaq iddaçıya ödənilməli, 18.49 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin 300 manat məbləğində vəkil ödənişinin tutulması ilə bağlı hissəsində ağlabatanlıq meyarını əsas götürərək hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli, cavabdehdən ağlabatan məbləğ olan 200 manat məbləğində vəkil ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10 170 manat məbləğində pul vəsaiti və ödənilmiş 120.51 manat dövlət rüsumu və vəkillə təmin edilməsi üçün ödənilmiş 200 manat pulun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 18.49 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №e-2(008)-4671/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4671/2025
23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver