Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-469/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvabdeh Cavabdeh 60 000 ABŞ dolları (altmış min) və gecikdirilmiş faizə görə 7500 ABŞ dolları (yeddi beş yüz) məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün ödənilmiş 405 (dörd yüz beş manat) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə bağlanmış borc müqaviləsinə görə o, Cavabdeh 60 000 ABŞ dolları məbləğində pul vəsaitini borc vermişdir. Müqaviləsinin 2-ci bəndinə görə borc alan həmin vəsaiti xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, Cavabdeh tərəfindən borc vəsaiti hələ də ödənilməmişdir. Onun tərəfindən 60 000 ABŞ dolları (102 000 manat) vəsaitin cavabdehə verilməsi, cavabdeh tərəfindən həmin məbləğin isə indiyədək qaytarılmaması hazırkı işin mübahisəsiz hallarıdır. Bununla da, cavabdeh onun hesabına gəlir əldə etməklə əsassız varlanmışdır. Eyni zamanda, cavabdehlə öz aralarında borc məbləğinin xx.xx.2022-ci il tarixdə qaytarılmasını razılaşdırsalar da, cavabdeh borcun ödənilməsini gecikdirmişdir. Bununla da onun Cavabdeh öhdəliklərin bu müddət ərzində yerinə yetirilməməsinə görə toplanan faiz tələb etmək hüququnu, cavabdehin isə gecikdirilmiş vaxt üçün yalnız illik beş faiz ödəmək öhdəliyini yaratmış olur. Borc məbləğinin 60 000 ABŞ dolları (102 000 manat) təşkil etdiyini, bu məbləğin xx.xx.2022-ci il tarixdə ödənilməli olduğunu, ödənilməməsi səbəbindən cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyinin yarandığını və hazırkı iddianın xx.xx.2024-cü il tarixdə qaldırıldığını nəzərə alsalar, yaranmış borc məbləğinə illik 5 faiz xx.xx.2022-ci - xx.xx.2024-cü il tarixləri əhatə edən 2 il 6 aylıq müddət üzrə hesablanmalıdır. Həmin dövr üçün də ödənilməli olan faiz məbləği 7500 ABŞ dolları təşkil edir. 60 000 x 5% / 100 % = 3000 – 1 il üzrə; 60 000 x 5% / 100 % = 3000 – 1 il üzrə; 60 000 x 5% / 100 % :6 = 1500 – 6 aylıq. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cаvabdeh Cavabdeh 43 200 ABŞ dolları və gecikdirilmiş faizə görə 7500 ABŞ dolları məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün ödənilmiş 405 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cаvabdeh Cavabdeh iddianı qismən qəbul etdiyini bildirmiş, o dollarla pul götürməmiş, manatla verilmiş pulu da o almamış, həmin pul başqasına verilmiş, hər ikisi dostu olduğu üçün bu işə girmiş, bu səbəbdən dollarla yazılması hissəsində müqaviləni mübahisələndirməmiş, müəyyən ödənişlər edilmiş, müqavilə onunla rəsmiləşdirildiyi üçün hazırda iddiaçıya olan 73440 manat, yəni 43200 ABŞ dolları pulun qaytarılmasından boyun qaçırmır. Lakin faizin qaytarılması ilə razı deyildir, çünki müqavilədə faiz nəzərdə tutulmamış və aralarında faiz söhbəti olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında xx.xx.2021-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-443 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. “Borc verən” “Borc alan”a 60 000 ABŞ dolları (altmış min dollar), yəni AR Mərkəzi Bankının təyin etdiyi məzənnə ilə 102000 manat 00 qpik (yüz iki min manat sıfır qəpik) məbləğində pulu borc verir. 2. “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur....”. - iddia ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 405 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri 6 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı 60.000 ABŞ dolları məbləğində borcunun yarandığını təsdiq etmiş, həmin məbləğdə borc pulu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, müqavilə üzrə borc məbləğini tam şəkildə iddiaçıya qaytarmamışdır. Bununla da iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, borcun verilməsi barədə tərəflər arasında olan xx.xx.2021-ci il tarixli müqavilə (əqd) yazılı (notarial) qaydada bağlanmışdır, həmin müqavilə (əqd), onun tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmışdır, müqavilə Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Borc alan Cavabdeh müqaviləni imzaladıqdan sonra, imzasının qarşısında soyadını öz xətti ilə yazmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 60.000 ABŞ dolları borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu tam qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdeh iddiaçıya olan borcundan 16.800 ABŞ dolları (28.560 manat) qaytarmış, qalan 43.200 ABŞ dolları (73.440 manat) məbləğində borcunu hazırkı vaxtadak ödəməmiş, bu faktı məhkəmə baxışı zamanı cavabdeh özü də etiraf etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında iddiaçının cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, 43.200 ABŞ dolları borc məbləğini iddiaçıya ödəməlidir. Məhkəmə, gecikdirilmiş müddət üçün 7500 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məhkəmə baxışı təyin edildikdən sonra verildiyini, hazırda cavabdehin iddiaçıya 43.200 ABŞ dolları məbləğində əsas borcunun olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən gecikdirilmiş vaxt, yəni kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək olan 2 il 6 ay üçün 43.200 ABŞ dolları əsas borc məbləğinə illik beş faiz hesablanmaqla 5400 (xx.xx.2022-xx.xx.2023-cü il üçün 43.200x5:100=2160 ABŞ dolları; xx.xx.2023-xx.xx.2024-cü il üçün 43.200x5:100=2160 ABŞ dolları; xx.xx.2024-xx.xx.2024cü il 6 ay üçün 43.200x5:100=2160; 2160:2(yəni 6 ay)=1080 ABŞ dolları) ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-443 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi” üzrə Cavabdeh 43.200 ABŞ dolları məbləğində borc və gecikdirilmiş vaxt üçün hesablanmış 5400 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 405 manat məbləğində dövlət rüsumunun 337.86 manatı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-443 reyestr nömrəli “Kredit müqaviləsi” üzrə Cavabdeh 43200 ABŞ dolları məbləğində borc və gecikdirilmiş vaxt üçün hesablanmış 5400 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə, həmçinin 337.86 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-469/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-469/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver