Məhkəmə qərarları › İş №e-2(008)-4696/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4696/2024

04.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4696/2024 04.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2834 (iki min səkkiz yüz otuz dörd) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeharasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 80x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin – OBA Xutor 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair akta əsasən isə yekun ziyan məbləği 2834 (iki min səkkiz yüz otuz dörd) manat 88 (səksən səkkiz) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2834 (iki min səkkiz yüz otuz dörd) manat 88 (səksən səkkiz) qəpik borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-nə ümumilikdə 2834 (iki min səkkiz yüz otuz dörd) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddiməsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçının nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərindən, işə iştirakları olmadan baxaraq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, özü Rusiyada olmuş, anasını iki dəfə öyrənmək üçün ora göndərmiş, il yarımdı müdiri ona kəsirinin olmadığını bildirmişdir. Hazırda həmin borcu ödəmək imkanı yoxdur. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-nə 2834.88 manat borcu vardır. - İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 152 saylı əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2020-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-nin Satış Departamentinin Satış 6 şöbəsinə satıcı-nəzarətçi, kassir vəzifəsinə işə qəbul edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 071 saylı əmrindən çıxarışın, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli X4 haqqında müqavilədən görünür ki, Cavabdeh, ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 80x saylı əmrindən çıxarışın, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. - xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, 3 gün müddətində 2834.88 AZN borcun ödənilməsi Cavabdeh tələb edilmişdir. - xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, İddiaçı MMC-nin OBA-Xutor 2 mağazasında xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, nəticədə çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılması və nəticələrinin araşdırılması üçün dəvət olunsa da iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-5114.20 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/4-2023-00140 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X1 tərəfindən 50 manat mediasiya və 10 manat poçt xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən O.S.Vəliyev xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavəyə əsasən Cavabdeh həmin tarixdən administrator vəzifəsinə keçirilmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə tərəflər arasında X4 haqqında müqavilə bağlanmışdır. İddiaçı MMC-nin Bakı şəhəri Binəqədi rayonu E.Babayev küçəsində yerləşən və cavabdehin maddi-məsul şəxs olduğu OBA-Xutor 2 (277) mağazasında xx.xx.2023-cü tarixdə invertarizasiya keçirilmiş, inventarizasiya nəticəsində cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın yekun məbləği 2834.88 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 199-cu mədəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə, qanunvericiliyin tələblərinə, işin hallarına əsaslanaraq hesab edir ki, tərəflər arasında X4 haqqında müqavilə bağlandığından, administrator vəzifəsində işlədiyi mağazada yaranmış əskikgəlmənin cavabdehdən tələb edilməsi barədə iddiaçının tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2834 manat məbləğində maddi ziyan və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməli, həmçinin, Cavabdeh 48.34 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2834 manat məbləğində maddi ziyan və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilsin. Cavabdeh 48.34 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar