Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4723/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh nağd kredit üzrə 1285.27 manat əsas borc, vəfat etdiyi tarixə faiz borcu 23.56 manat olmaqla, cəmi 1308.83 manat məbləğində kredit borcunun, kart krediti üzrə isə 299.55 manat əsas borc, 3.82 manat faiz borcu olmaqla, cəmi 303.37 manat məbləğində kredit borcunun və ödənilmiş 36.13 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə, X4 arasında xx.xx.2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 22 % olmaqla, 48 ay müddətinə 1500 manat məbləğində nağd kredit verilmişdir. Bununla yanaşı, qeyd olunan müqaviləyə əsasən X3 illik 24% olmaqla, 36 ay müddətinə 300 manat məbləğində kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kreditlərin məbləğini və ona hesablanan faizləri ödəməlidir. 802326 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, borclu X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Naxçıvan regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 392/2025 nömrəli məktubdan görünür ki, Cavabdeh Naxçıvan regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfində vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixədək nağd kredit üzrə banka borcu 1285.27 manat əsas borc, ödənilməmiş faiz borcu 23.56 manat olmaqla, cəmi 1308.83 manat təşkil edir. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixədək kart krediti üzrə banka borcu 299.55 manat əsas borc, ödənilməmiş faiz borcu 3.82 manat olmaqla, cəmi 303.37 manat təşkil edir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-16050/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq öhdəlik bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə, X4 arasında xx.xx.2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 22 % olmaqla, 48 ay müddətinə 1500 manat məbləğində nağd kredit verilmişdir. Bununla yanaşı, qeyd olunan müqaviləyə əsasən X3 illik 24% olmaqla, 36 ay müddətinə 300 manat məbləğində kart krediti verilmişdir. - AZ-İ seriyalı 802326 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, borclu X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - Naxçıvan regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən şəhadətnaməyə əsasən mərhum X2 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə Cavabdeh mirası qəbul etmiş və vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD617359 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi ZS162MK89800194 və buraxılış ili 2011-ci il olan Pıoner Sampıyon XF 200 ZH Motosikl markalı 75A070 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixədək nağd kredit üzrə banka borcu 1285.27 manat əsas borc, ödənilməmiş faiz borcu 23.56 manat olmaqla, cəmi 1308.83 manat təşkil edir. - Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixədək kart krediti üzrə banka borcu 299.55 manat əsas borc, ödənilməmiş faiz borcu 3.82 manat olmaqla, cəmi 303.37 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli, 6-2-22/2-16050/2025 nömrəli nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh borca görə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli Plenum Qərarına əsasən Plenum hesab edir ki, kreditorun borcun ipoteka predmetinə yönəldilməsini tələb edə bilməsi üçün, ilk öncə, borclunun, onun ölümü halında isə vərəsələrinin icra vaxtı çatmış öhdəliyi pozması, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Bu baş verdiyi halda ipoteka qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras əmlakdakı paylarına mütənasib surətdə miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan X4 öldüyündən, qeyd olunan borc məbləği vərəsəlik şəhadətnaməsi əsasında mirası qəbul etmiş vərəsəsi Cavabdeh nağd kredit üzrə 1285,27 manat əsas borc, vəfat etdiyi tarixə faiz borcu 23,56 manat olmaqla, cəmi 1308,83 manat məbləğində kredit borcu, kart krediti üzrə 299,55 manat əsas borc, 3,82 manat faiz borcu olmaqla, cəmi 303,37 manat məbləğində kredit borcu və ödənilmiş 36,13 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh nağd kredit üzrə 1285,27 (bir min iki yüz səksən beş manat iyirmi yeddi qəpik) manat əsas borc, vəfat etdiyi tarixə faiz borcu 23,56 (iyirmi üç manat əlli altı qəpik) manat olmaqla, cəmi 1308,83 (bir min üç yüz səkkiz manat səksən üç qəpik) manat məbləğində kredit borcu, kart krediti üzrə 299,55 (iki yüz doxsan doqquz manat əlli beş qəpik) manat əsas borc, 3,82 (üç manat səksən iki qəpik) manat faiz borcu olmaqla, cəmi 303,37 (üç yüz üç manat otuz yeddi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 36,13 (otuz altı manat on üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4723/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4723/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver