Məhkəmə qərarları › İş №e-2(008)-473/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-473/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-473/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı «X11» Bakı Filialının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı «X11» Bakı Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X11» Bakı Filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 12 Sentyabr 2024-cü il tarixə, cəmi 9.571,30 manat borcun (bundan 9.571,30 manat əsas borc və 0,00 manat faiz borcu təşkil edir) və ödənilmiş 115,71 manat dövlət rüsumunun tutularaq ‘‘X11'“ Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X10” Bakı filialı ilə borclu X5 arasında bağlanmış 15 avqust 2022-ci il tarxili 745 nömrəli kredit müqaviləsinə əsasən, illik kreditdən istifadə haqqı 16 fazi hesablanmaqla 60 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X11” Bakı filialı ilə Cavabdeh2 arasında 842 nömrəli və Cavabdeh1 arasında 843 nömrəli Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə görə “Borcalan”ın ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu və ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 316.13 manat ödəməli idi. Müqaviləyə əsasən cavabdeh 12 sentyabr 2024-cü il tarixə Banka kredit üzrə 7.903,25 manat ödəniş yerinə yetirməli idi. Lakin qeyd olunan cəmi 6.360,00 manat Borcalan tərəfində Banka ödəniş yerinə yetirilmişdir. 12 sentyabr 2024-cü il tarixə cavabdehin Banka kredit borcu, cəmi 9.571,30 manat manat borcu təşkil edir. Borcalana hesablanmış faizlər dayandırılmışdır. 24 Fevral 2024-cü il tarixli Ölüm haqqında Şəhadətnaməyə əsasən X2 mədənin kiçik əyriliyinin dəqiqləşdirilməmiş hissəsinin səbəbində dünyasını dəyişmişdir. İddia məhkəməyə göndərilən xx.xx.2024-cü il tarixə mərhumun öhdəliklərinə görə iddia tələbi irəli sürüləcək vərəsə müəyyən olunmamışdır. Bu səbəbdən iddia tələbi cavabdeh - zaminlərə qarşı irəli sürülməlidir. Belə ki, mərhum X5 ilə bağlanılmış 15 avqust 2022-ci il tarixli, 745 nömrəli kredit müqaviləsinin təmin olunması məqsədi ilə hazırkı cavabdehlər Cavabdeh2 arasında 842 nömrəli və Cavabdeh1 arasında 843 nömrəli Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə “zamin bank qarşısında “Borcalanın” 15 avqust 2022-ci il tarxli 745 nömrəli kredit müqaviləsi üzrə banka olan kredit və faiz məbləğləri, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sairə üçün məsuliyyət daşıyır. Yenə həmin müqavilənin 4.1-ci bəndinə görə “Borcalan zaminliklə təmin etdiyi öhdəliyi icra etmədikdə və ya lazımı icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış borcu bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. X1 Banka olan gecikdirilmiş borcunun ödənilməsi üçün qanuna uyğun olaraq vərəsələri olmaması səbəbindən iddia tələbi öhdəliyə təminat verən zaminlərə qarşı irəli sürülməlidir. Zaminlərə qarşı iddia tələbi irəli sürülməmişdən əvvəl borcun ödənilməsi məqsədi ilə onlarla danışıqlar aparılmış və ünvanına rəsmi bildiriş təqdim olunmuşdur. Lakin borcun ödənilməsindən imtina etmişdirlər. Məhkəmə iclasında iştirak edən «X11» Bakı Filialının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini, X2nun onun həyat yoldaşı olduğunu, pulun onun müalicəsi üçün götürüldüyünü, lakin yoldaşı rəhmətə getdiyini, özünün isə maddi imkanının zəif olduğundan vaxtlı-vaxtında ödəniş edə bilmədiyini, hazırda da tələb olunan borcu tam şəkildə ödəməyə maddi imkanının çatmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan «X11» Bakı Filialı ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 745 saylı kredit müqaviləsinə əsasən borcalana illik 16 faiz hesablanması şərti ilə 60 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. - «X11» Bakı Filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 842 və 843 nömrəli zaminlik müqavilələrinin surətindən görünür ki, zaminlər bankla borcalan arasında xx.xx.2022-ci il tarixli 736 nömrəli güzəştli kredit müqaviləsi əsasında Borclana verilmiş 13000 manat məbləğində kredit və hesablanmış faizləri üzrə Borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək Zamin olaraq, Borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. - “X11” Bakı Filialı ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 745 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş məbləği 60 ay olmaqla 316.13 manat müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 9571.30 manat məbləğindı əsas borc mövcuddur. - xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə 13000 manat pul götürmüşdir. - AZ İİ seriyalı, 410137 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ölmüşdür, ölüm akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə, 204 nömrəli akt qeydi ilə qeyd edilmişdir. - İş materiallarına əlavə edilmiş ********** qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 115.71 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə zaminlik müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 və X4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, borcalan xx.xx.2024-cü il tarixdə öldüyündən, hal-hazırki vaxtadək hüquqi varisi müəyyən edilmədiyindən, kredit müqaviləsi ilə götürdüyü öhdəliyi icra etməmiş, zaminlər isə borcalanın iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hər iki zamin onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9.571,30 (doqquz min beş yüz yetmiş bir manat, otuz qəpik) manat borcun manat borcun tutularaq iddiaçı «X11» Bakı Filialının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilərək 115.71 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9.571,30 (doqquz min beş yüz yetmiş bir manat, otuz qəpik) manat borcun və 115.71 (yüz on beş manat, yetmiş bir qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı «X11» Bakı Filialının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar