Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4799/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "5248,80 manat akt üzrə yaranmış borcun, 3470,91 manat debitor borcun və iddiaçı tərəfindən ödənilmiş 107,20 manat dövlət rüsumunun, cəmi 8826,91 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "5248,80 manat akt üzrə yaranmış borcun, 3470,91 manat debitor borcun və iddiaçı tərəfindən ödənilmiş 107,20 manat dövlət rüsumunun, cəmi 8826,91 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023cü ildə 04/2976 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə" imzalanmış və həmin müqavilə əsasında "Azəriqaz" İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "Qazdan istifadə qaydaları"nın tələblərinə əməl etmək), "Qazdan istifadə qaydaları"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və "Qaz təchizatı haqqında" Qanunun 6.2-ci bəndinin tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xəttlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində aşağıdakı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar əsasında ümumilikdə 5248,80 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur: - xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 1620 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 2073,60 manat; - xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 777,60 manat; - xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 777,60 manat. Bundan başqa, cavabdehin ödənilməmiş 2021-ci ilin aprel-dekabr ayları üzrə 618,05 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1063,59 manat sərfiyyat borcu və limitdən əlavə 38,16 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar ayı üzrə 79,56 manat sərfiyyat borcu, 2024-cü ilin aprel ayı üzrə 43,75 manat sərfiyyat borcu, cəmi 1843,11 manat sərfiyyat borcu qalmışdır. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü ildə istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 7405 kub.m təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Sayğacın mexaniki göstəricisinə əsasən, iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 1712,80 manat məbləğində qaz sərf olunması müəyyən edilmişdir (1843,11+1712,80=3555,91). 2021-ci ilin aprel ayından 2024-cü ilin aprel ayına qədər cavabdeh 85 manat ödəniş etmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3470,91 manat debitor borcu da qalmışdır. Beləliklə, cavabdehin "Azəriqaz" İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 8719,71 manat təşkil edir. Həmçinin, cavabdehdən 2021-ci ilin mart ayınadək 2191 manat vəsaitin Birliyin xeyrinə tutulması barədə xx.xx.2021-ci il tarixli 2(008)-1323/2021 nömrəli qətnamə çıxarılmışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehlə bağlı 4 dəfə akt tərtib edilmiş, lakin vətəndaşın inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar yoxdur. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən, yəni 3470,91 manat məbləğində sərfiyyat borcu ilə bağlı hissədə etiraf etdiyini, həmin borcu hissəhissə ödəyəcəyini, qanunsuz qoşulma etmədiyinə görə isə qalan 5248,20 manat borcu qəbul etmədiyini bildirmişdir. O, bu barədə məhkəməyə ərizə vermişdir. O, əlavə olaraq bildirmişdir ki, həyətdəki istixanada istifadə məqsədilə 10 il əvvəl sayğaca qanunsuz qoşulma etmiş, hazırda isə bunu etmir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü ildə 04/2976 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi" bağlanmışdır. Müqavilədə xx.xx.2023-cü ildə Maştağa qəsəbəsi ünvanı üzrə G-4 markalı **********326 nömrəli qaz sayğacının quraşdırıldığı göstərilmişdir. İşdə olan xx.xx.2023-cü ildə 04/2976 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi"ndən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış, həmin gün Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ünvanı üçün G-4 markalı **********326 nömrəli qaz sayğacı quraşdırılmışdır. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-1323/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdehdən iddiaçının xeyrinə 1224 manat dəymiş maddi zərərin əvəzi, 952,30 manat təbii qazdan istifadə üzrə yaranmış borc pulun və ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2191,30 manat məbləğində pulun tutulması qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent sayğacdan kənar əlavə xəttlə təbii qazdan qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, 14-2-2/3-5-4365/1 nömrəli rəyə əsasən, **********3 zavod nömrəli sayğacın gövdəsi kənar təsir nəticəsində əzilib hesablama mexanizminin iş prinsipinə təsir göstərir. İşdə olan xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, mənzildə quraşdırılmış qaz sayğacının çıxış plastmas borusundan məftil vasitəsi ilə müdaxilə olunub, hesablama mexanizminin işləməsinə mane olunduğu aşkar olunmuşdur. İşdə olan "Abonentin saldosu"ndan görünür ki, iddiaçı tərəfindən abonent Cavabdeh 1843,11 manat sərfiyyat borcu, aktlar üzrə 2490,40 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən istifadə edilmiş və sayğacın qeydə aldığı təbii qazın dəyəri 3470,91 manat təşkil edir. Cavabdeh məhkəməyə verdiyi yazılı ərizədə iddianın həmin 3470,91 manatla bağlı hissəsini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın tələbinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bəndin birinci cümləsi). "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər Qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (11-ci maddənin 6-cı bəndi) Müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli 04/5703 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi" əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, cavabdeh üzərinə istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə öhdəlik götürmüş, lakin həmin öhdəliyi lazımi qaydada icra etməyərək, istifadə etdiyi qazın dəyərini vaxtında ödəməmişdir. Məhkəmə bu qənaətə gəldi ki, cavabdeh tərəfindən iddianın qismən, yəni 3470,91 manat hissədə etiraf olunması qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də etiraf qəbul edilməli və iddia həmin hissədə təmin olunmalıdır. İddianın qalan hissəsi xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar üzrə hesablanmış borcun ödənilməsi tələbindən ibarətdir. Birinci akt üzrə tələb 1620 manat, ikinci akt üzrə 2073,60 manat, üçüncü və dördüncü aktların hər biri üzrə isə 777,60 manat təşkil edir. Məhkəmə ilk növbədə xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023cü il tarixli ******* nömrəli və xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlara münasibət bildirir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: "Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş Qazdan istifadə qaydaları ilə tənzimlənir." Qeyd olunan maddə xx.xx.2022-ci ildən qüvvəyə minmişdir. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282-1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istahlakçıdan tələb etməlidir. Sonradan analoji norma Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın 6.5-ci bəndində də müəyyən edilmiş və həmin norma yeni redaksiyada verilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 218 nömrəli qərarı, "Xalq qəzeti", xx.xx.2023-cü il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il № 6, maddə 878). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi akta əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci ildən etibarən istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir. Lakin əgər istehlakçı məhkəmə icraatı zamanı sayğaca müdaxilə etməsini və ya qaz xəttinə qanunsuz qoşulmasını etiraf edirsə, o zaman iddianın istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması əsası ilə rədd olunması prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Belə olan halda, iddia tələbinə müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi qiymət verilə bilər. Bununla yanaşı, tələb bir neçə akt üzrə borcun silinməsinə və ya tutulmasına yönəlmişsə, qətnamənin nəticə hissəsində hər bir akt üzrə silinməli və ya tutulmalı olan məbləğlər ayrıca göstərilməlidir. Bu hal hüquqi müəyyənlik baxımından xüsusi əhəmiyyət kəsb edir. İşdən görünür ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli aktlar "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinin artıq qüvvədə olduğu zaman tərtib edilmişdir. Belə olan halda, Cavabdeh qazdan istifadə qaydalarını pozmasında təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməlidir. Lakin iddiaçı "Azəriqaz" İB məhkəməyə belə bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, Cavabdeh sayğaca müdaxilə etməsini və qaz xəttinə qanunsuz qoşulmasını etiraf etməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli aktlar Cavabdeh (2073,60 + 777,60 + 777,60) 3628,8 manat məbləğində pulun tələb olunmasına əsas vermir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Cavabdehin barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında ondan 1620 manat məbləğində pul tələbini isə məhkəmə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan aktın tarixi "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddənin əlavə edilməsindən əvvələ aiddir. "Qaz təchizatı haqqında" Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. "Qazdan istifadə qaydaları"nın 6.5-ci bəndinin həmin aktın tərtib olunduğu zaman qüvvədə olmuş redaksiyasında deyilirdi ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da göstərilmişdir ki, abonent mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. Qanunsuz qoşulmanın aparıldığı yerin, qaz xəttinə qoşulmuş plastmas borunun fotoşəkilləri də akta əlavə olunmuşdur. Fotoşəkildən görünür ki, plastmas borunun bir ucu küçədə olan qaz xəttinə qoşulmuş, digər ucu isə iddiaçının yaşadığı evin həyətinə keçirilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı fotoşəkillərin məhz cavabdehin yaşadığı evin darvazasının yanında küçədə çəkildiyi müəyyən edildi. Cavabdeh qaz xəttinə qanunsuz qoşulduğunu inkar etsə də, həmin aktı təkzib edən dəlil irəli sürməmişdir. Belə olan halda, məhkəmə qeyd olunan aktın həqiqiliyini şübhə altına almaq üçün əsas müəyyən etmədi. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2,25 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün qəbul edilməklə cəmi 13500 kub.m itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərar alınmışdır. Hər kub.m qazın qiyməti 0,12 manat olmaqla, dəymiş ziyan 1620 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə bu hesablamaları "Qazdan istifadə qaydaları"na uyğun hesab edərək, iddiaçının tələbinin həmin hissədə təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 107,20 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 8826,91 manat məbləğində iddianın 5090,91 manat hissəsi (57,67 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 57,67 faizi, yəni 61,82 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 45,38 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3470,91 manat məbləğində debitor borc, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə 1620 manat məbləğində maddi zərər, cəmi 5090,91 manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. İddia xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar üzrə cəmi 3628,80 manat dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 61,82 manat hissəsi Cavabdeh aid edilsin və ondan alınaraq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 45,38 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X5.
Məhkəmə qərarları › İş №e-2(008)-4799/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4799/2024
03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver