Məhkəmə qərarları › İş №e-2(008)-4802/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4802/2024

04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4802/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1371,60 (bir min üç yüz yetmiş bir manat, altmış qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 6426,70 (altı min dörd yüz iyirmi altı manat, yetmiş qəpik) manat və 97,99 (doxsan yeddi manat, doxsan doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 7896,29 (yeddi min səkkiz yüz doxsan altı manat, iyirmi doqquz qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz il VÖEN990o0oi621, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024cü il tarixində 04/9022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 486 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 885,60 manat; cəmi 1371,60 (bir min üç yüz yetmiş bir manat 60 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş ödənilməmiş 2020-ci ilin iyun-oktyabr ayları üzrə 35,30 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 877,05 manat sərfiyyat borcu və limitdən əlavə 23,20 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-noyabr ayları üzrə 1965,28 manat sərfiyyat borcu və limitdən əlavə 151,97 manat sərfiyyat borcu, 2023-cü ilin fevral-dekabr ayları üzrə 2343,61 manat sərfiyyat borcu və limitdən əlavə 370,89 manat sərfiyyat borcu, 2024-cü ilin yanvarfevral ayları üzrə 764,24 manat sərfiyyat borcu və limitdən əlavə 161,76 manat sərfiyyat borcu, cəmi 6693,30 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin iyun ayından 2024-cü ilin aprel ayına qədər cavabdeh 266,60 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 6426,70 (altı min dörd yüz iyirmi altı manat, yetmiş qəpik) manat borcu (debitor borc) da qalmışdır. İddiaçı İB-nin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, xx.xx.2024-cü il tarixinə, saat 12:05-ə təyin edilmiş məhkəmə baxış iclasında işlərinin həmin gün həddən artıq çox olması səbəbindən iştirak edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2019-cu il tarixli aktı məhkəmə əsas götürmür ona görə ki, bu akt sayğaca müdaxilə ilə bağlıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə olunması aşkar edilmiş, dəymiş ziyan 8856 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına 31 may 2020-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün üçün hesabat aparılmış və 1.2x24x90=2592 m3 1.5x24x90=3240 m3 1.4x24x90=3024 m3 hesablanmışdır. Məhkəmə təbii X1nın pozulması haqqında qeyd edilən akt əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməyərək, 1 ədəd PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 orta günlük iş rejimi 24 saat deyil, 6 saat və hesabat müddəti 90 gün deyil, 30 gün - 1.20 x 6 x 30 x 0.12 = 25,92 manat, 1 ədəd QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 orta günlük iş rejimi 24 saat deyil, 10 saat və hesabat müddəti 90 gün deyil, 30 gün - 1,50 x 10 x 30 x 0.12 = 54 manat, 1 ədəd Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 orta günlük iş rejimi 24 saat deyil, 8 saat və hesabat müddəti 90 gün deyil 30 gün, 1,40 x 8 x 30 x 0.12 = 40,32 manat qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, 31 may 2020-ci il tarixli akt üzrə cavabdeh tərəfindən 120,24 (bir yüz iyirmi manat, iyirmi dörd qəpik) manat İddiaçı İB-nə ziyan vurulması müəyyən edilir. İş materiallarından da göründüyü kimi 6426,70 (altı min dörd yüz iyirmi altı manat, yetmiş qəpik) manat debitor borcunun olması işin mübahisəsiz halıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş ziyan olaraq 120,24 (bir yüz iyirmi manat, iyirmi dörd qəpik) manat, 6426,70 (altı min dörd yüz iyirmi altı manat, yetmiş qəpik) debitor borc, cəmi 6546,94 (altı min beş yüz qırx altı manat, doxsan dörd qəpik) borc və 85,50 (səksən beş manat, əlli qəpik) manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyan olaraq 120,24 (bir yüz iyirmi manat, iyirmi dörd qəpik) manat, 6426,70 (altı min dörd yüz iyirmi altı manat, yetmiş qəpik) debitor borc, cəmi 6546,94 (altı min beş yüz qırx altı manat, doxsan dörd qəpik) borc və 85,50 (səksən beş manat, əlli qəpik) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar