Məhkəmə qərarları › İş №e-2(008)-484/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-484/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-484/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 20.538,83 manat məbləğində əsas borcun, 2460.48 manat məbləğində faiz borcunun, 1043.76 manat məbləğində cərimə borcunun, cəmi 24.043,07 manat borcun və 163 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 18.5% olmaqla 25.000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh3 və Cavabdeh1 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icrа еtməlidirlər. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, 10 ildir işlədiyi iş yerindən çıxarılmış və öhdəsində xəstə uşagı olduğu üçün ödənişlərini vaxtında ödəyə bilməmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə banka yazılı şəkildə müraciət edərək, bankın 9 illik müşətərisi olduğu üçün ona güzəşt edilməsini və aylıq ödənişin 400-500 manat civarında olmasını xahiş etmişdir. Bankdan ona məlumat verilmişdir ki, 2500 manat ödəniş edildiyi təqdirdə, adı borcu gecikdirənlərin siyahısından çıxarılacaq. O, borc alaraq banka 2500 manat ödəniş etmişdir. Daha sonra ona məlum olmuşdur ki, 700-800 manat məbləğində aylıq ödəniş edilməlidir. Hazırda öhdəsində xəstə uşağı olduğu və tək ana olduğu üçün aylıq o qədər məbləği ödəyə bilməyəcəyini bildirmişdir. O, bankın müştərisi olduğu 9 il ərzində heç bir problem olmadan vaxtlıvaxtında ödəniş etmişdir. O, ikinci dəfə təkrar yazılı şəkildə banka müraciət etsə də, problemli şöbədən ona zəng olunaraq, müraciətinə rədd cavabı verildiyi bildirilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Hazırda bankın tələb etdiyi məbləğ şişirdilmişdir. Ekspert rəyi ilə də razı deyildir. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh2 izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MK/99303/90/35 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 18.5 faiz ödəmək şərti ilə 25.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - ödəniş cədvəlidən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdən 36 ay müddətində hər ay banka 910.09 manat (sonuncu ay 918.11 manat) ödəməli idi. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 163 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit sazişi üzrə banka 20.538,83 manat əsas, 2460.48 manat faiz, 1043.76 manat cərimə borcu vardır. - xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı ASC, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 borcun dərhal ödənilməsini təmin etmədikləri təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh2 24.999 manat məbləğində pulu İddiaçı ASC-dən təhvil almışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MK/99303/90/35 nömrəli kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 18.5 faizlə 25.000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit sazişi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda, Cavabdeh1 və Cavabdeh3 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10109 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MK/99303/90/35 saylı kredit sazişində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-nə maliyyə arayışının verildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixinə olan borcu 22.868,81 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 20.423,39 manat; faiz borcu üzrə 2445.42 manat. Qeyd: Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 05 aprel 2023-cü il tarixli MK/99303/90/35 saylı kredit sazişində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh2 cərimə borcu hesablanmadı. Beləliklə, məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi üzrə 20.423,39 manat əsas borc, 2445.42 manat faiz borcu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit sazişi üzrə 20.423,39 manat məbləğində əsas borca münasibətdə 1043.76 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 1021.16 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 20.423,39 manat əsas borc, 2445.42 manat faiz borcu, 1021.16 manat cərimə olmaqla, cəmi 23.889,97 məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 161.67 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməli, həmçinin, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul müştərək qaydada, yəni 50 manat İddiaçı ASC-dən və 50 manat Cavabdeh2 (ekspertizanın keçirilməsini Cavabdeh2 tələb etdiyi üçün) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 20.423,39 manat əsas borc, 2445.42 manat faiz borcu, 1021.16 manat cərimə olmaqla, cəmi 23.889,97 məbləğində pul vəsaiti və 161.67 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul müştərək qaydada, yəni 50 manat İddiaçı ASC-dən və 50 manat Cavabdeh2 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar