Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-485/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş ziyana görə 18000 (on səkkiz min) manat və ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun İddiaçı xeyrinə məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh özünə məxsus 77DP513 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı minik nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə həmin avtomobillə iddiaçının mülkiyyətində olan 10HJ550 dövlət qeydiyyat nişanlı, FAW HONGQİ HS5 markalı, buraxılış ili 2021-ci il olan universal tip nəqliyyat vasitəsi toqquşmuş və ikinciyə böyük miqdarda maddi zərər dəymişdir. Bakı şəhəri Sabunçu RPİ DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP-5057310 saylı qərarına əsasən, hazırki yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsiri sübut edilmiş və İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh tətbiq edilmişdir. Davamında qeyd edir ki, avtoqəzada ziyan dəymiş həmin markalı maşınlara təmir servis xidməti göstərən "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən, iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 23027 manat təşkil edir. Həmin məbləğin 5000 manat hissəsi cavabdehin icbari sığortçası tərəfindən qarşılanacağı bildirilmiş, lakin zərərin qalan hissəsinin ödənilməsindən cavabdeh bu günə kimi yayınmışdır. Hazırki vəziyyətdə iddiaçı pozulmuş hüquqlarının bərpası və dəymiş ziyanın aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, ekspertiza rəyi ilə razılaşmadığını, dəymiş ziyanın məbləğinin şişirdilmiş göstərildiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında İnzibati Xəta haqqında İXP ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi «Chevrolet Cruze» minik markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə törətmiş olduğu yol nəqliyyat hadisəsində təqsirli hesab edilərək, onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati icraat başlanmışdır. X1 haqqında TP ******* nömrəli Qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli hesab edilmiş, İXMnin 327.2-ci maddəsi ilə “60” manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “HONGQİ HS 5” minik markalı, ** HJ *** saylı dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdır. Cahan Motors MMC-nin dəymiş ziyanın hesablanmasına dair xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “HONGQİ HS 5” minik markalı, ** HJ *** saylı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyəri 23027 manat müəyyən edilmişdir.. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7957 saylı xx.xx.2022-ci il tarixli məhkəmə ekspertiza mərkəzinin rəyindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “FAW HONGQİ HS 5” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 22216 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 144 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri üzündən onun idarə etdiyi avtomobil ilə İddiaçı idarə etdiyi avtomil toqquşmuş və nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir. İddiaçı onun avtomobilə yol-nəqliyyat hadisəsi zamanı 23027 manat məbləğində maddi ziyan dəymiş olduğunu irəli sürəsədə, məhkəmənin təyin etdiyi eksperizanın rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilə 22216 manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinin məzmunundan da müəyyən edilir ki, iddiaçıya dəymiş ümumi zərədən 5000 manat olan hissə cavabdehin avtomobilinin siğortaçısın tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə ekspertiza mərkəzninin vermiş olduğu rəy, köhnəlmə faizi tətbiq edildiyindən əsas götürürlməli, iddiaçıya dəymiş ümumi ziyandən ödənilmiş 5000 manat olan hissə çıxılmalı, yerdə qalan məbləğ-22216-5000=17216 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 144 manat məbləğində dövlət rüsumunun 141 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17216 (on yeddi min iki yüz on altı) manat dəymiş zərər, 141 (bir yüz qırx bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutlaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-485/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-485/2023
02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver