Məhkəmə qərarları › İş №e-2(008)-4887/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4887/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4887/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9700 manat borc pulun və 117 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh keçmiş həyat yoldaşıdır. Nikahlarının pozulması ilə bağlı məhkəmə icraatı davam edir. Lakin bu iddia nikah münasibətlərindən irəli gəlməyib, sırf mülki-hüquqi öhdəlikdən qaynaqlanır. Belə ki, müxtəlif tarixlərdə iddiaçı şəxsi bank hesabından Cavabdeh xahişi ilə ona fərqli məbləğlərdə toplam olaraq 9700 manat məbləğində pul vəsaiti vermişdir. Pulun təyinatı şəxsi ehtiyacların qarşılanması olmuş, cavabdeh isə pulu geri qaytaracağına dair razılıq vermişdir. Pul vəsaitinin təqdim edilməsi faktı bank çıxarışları və müvafiq qəbzlərlə tam sübuta yetirilir. Cavabdeh tərəfindən borc məbləğindən heç bir hissə geri qaytarılmamışdır. xx.xx.2025-ci il tarixində cavabdehə yazılı formada pretenziya məktubu ilə müraciət edilmişdir, lakin bu müraciət heç bir nəticə verməmişdir. Cavabdeh iddiaya etiraz göndərərək, iddianın tamamilə əsassız olduğunu bildirmişdir. O, etirazını bununla əsaslandırmışdır ki, iddiaçı tərəfindən həmin məbləğlərdə ona borc verilməmişdir. Çünki ər-arvad münasibətlərində olmuşlar, nikahları pozulmamışdır. 2021-2022-ci illərdə isə nişanlı olmuşlar. Həmin dövrdə iddiaçının borc pul verməsi məntiqli və ağlabatan görünmür. Ona xx.xx.2021-ci ildə göndərdiyi 140 manat, xx.xx.2022-ci il tarixdə göndərdiyi 100 manat və xx.xx.2022-ci ildə göndərdiyi 200 manat pulu borc kimi deyil, birgə yaşayacaqları evin çatışmayan hissələri üçün vermişdir. Həmin pulu heç zaman borc kimi almamışdır. Qarşı tərəf də onu borc kimi verdiyini nə yazılı, nə də şifahi şəkildə bildirməmişdir. Aralarında heç bir yazılı müqavilə, öhdəlik və ya şahid yoxdur ki, bu vəsaitin geri qaytarılacağına dair bir razılıq olmuş olsun. Nişanlılıq dövründə verilən 440 manat maddi dəstəyin illər sonra məhkəmə predmeti halına gətirilməsi, şəxsi münasibətlərin hüquqi zəmində sui-istifadəsidir. İddiaçının təqdim etdiyi bank çıxarışında isə ona daha artıq məbləğin göndərilməsi sübut olunmur. İddiaçı 2021-2022-ci illərdə ona borc verdiyini bildirsə də, məhkəməyə müraciət etmək ücün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Cavabdeh qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi, borcun məbləği üç min manatdan çox olduğuna görə, tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanılmalı olsa da, qanunun bu tələbinə əməl edilməmişdir. Bununla belə, iddiaçı cavabdehin xahişi ilə müxtəlif tarixlərdə şəxsi bank hesabından ona cəmi 9700 manat məbləğində pul vəsaiti verdiyini bildirir və bu halı təsdiq edən bank çıxarışlarını məhkəməyə təqdim edir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin bank çıxarışlarından ayrı-ayrı vaxtlarda cəmi 9700 manat məbləğində pulun iddiaçının hesabından cavabdehin hesabına köçürüldüyünü dəqiqliklə müəyyən etmək mümkün deyil. Digər tərəfdən, həmin pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə borc şəklində verildiyini müəyyən etmək ümumiyyətlə mümkün deyil. Çünki tərəflər ər-arvad olmaqla nikah münasibətlərində olmuşlar. Cavabdeh etirazında 2021-2022-ci illərdə iddiaçının ona cəmi 440 manat pul verdiyini etiraf edərək, həmin pulun borc kimi deyil, birgə yaşayacaqları evin çatışmayan hissələri üçün verildiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş votsap yazışmalarına münasibətdə məhkəmə qeyd edir ki, həmin yazışmaların İddiaçı ilə Cavabdeh arasında olduğu qəbul edilsə belə, yazışmalarda cavabdeh qaytarmaq şərti ilə iddiaçıdan 200 manat 350 manat olmaqla, cəmi 550 manat (9700 manat deyil) pul istəyir. İddiaçının həmin pulu cavabdehə veribvermədiyi sonrakı yazılardan müəyyən deyil. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırkı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla bağlı olaraq, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı qeyd edilən pul məbləğinin cavabdehə verməsini sübut etməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin izahatı, bank hesabından çıxarış və votsap yazışmaları cavabdehin iddiaçıya 9700 manat məbləğində borcunun olduğunu sübuta yetirmir, o cümlədən iddia tələbinin əsası kimi istinad edilən hər hansı bir halın həqiqiliyini müəyyən etmir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, sübuta yetirilmədiyindən, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi dair iddiası təmin edilməməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğu və mötəbər sübutlarla təsdiqini tapdığı halda, məhkəmə cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verə, ötürüldüyü halda, iddianı rədd edə bilərdi. Lakin baxılan işdə iddia sübuta yetirilməməsi əsası ilə rədd edildiyindən, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizə əsasında iddiaya təkrar qiymət verilməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq, hesab edir ki, ödənilmiş 106 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar