Məhkəmə qərarları › İş №e-2(008)-492/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-492/2024

10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-492/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İByə vurulmuş 216 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 4803,80 manat pulun və 70,20 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 5090 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan X6 şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-04265xx/xx-2022 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"si imzalanmış və həmin Müqavilə əsasında "Azəriqaz" İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və "X5"nın tələblərinə əməl etmək) və "X5"nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 216 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin, cavabdehin ödənilməmiş 2021-ci ilin aprel-dekabr ayları üzrə 744,35 manat sərfiyyat borcu və limitdən əlavə 52,75 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 322,76 manat sərfiyyat borcu və limitdən əlavə 36,64 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 15,60 manat sərfiyyat borcu, cəmi 1172,10 manat sərfiyyat borcu qalmışdır. Bundan əlavə, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 31829 m³ təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla "Azəriqaz" İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. 2021-ci ilin aprel ayından 2023-cü ilin fevral ayına qədər cavabdeh cəmi 93,10 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin "Azəriqaz" İB-yə ödənilməli borc məbləği hazırda "Abonentin saldo” və Gasrep üzrə ümumi 5019,80 manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 1-ci maddəsinə əsasən, Paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. - "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 31829 m³ təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyəri ödənilməmişdir. - "Təbii X5nın pozulması haqqında" xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus sayğacın plastmas borusunda dəlik aşkarlanmışdır. - 12.09.2023-cü il tarixli "Abonent saldosu"ndan görünür ki, **********00000 abonent kodu olan Cavabdeh 2021-ci ilin aprel-dekabr ayları üzrə 744,35 manat sərfiyyat borcu və limitdən əlavə 52,75 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 322,76 manat sərfiyyat borcu və limitdən əlavə 36,64 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 15,60 manat sərfiyyat borcu, cəmi 1172,10 manat borcu mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi" əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təbii qazdan istifadə nəticəsində 1079 manat borcu yaranmışdır. Həmçinin, qaz sayğacına müdaxilə etməsi faktına görə akt üzrə ona 216 manat borc, sayğacın mexaniki göstəricisində aşkar edilmiş 31829 m³ təbii qaz sərfiyyatına görə 3724,80 manat borc hesablanmışdır. "Abonentin saldosu"nda göstərilən məlumatlardan görünür ki, abonentin 2021-2022-ci illər üzrə sərfiyyat borcu 1172,10 manat təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. "Qaz təchizatı haqqında" Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, cavabdeh təbii qazdan istifadəyə görə ödəmədiyi 1172.10 manat pulu iddiaçıya ödəməlidir. Bundan başqa, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında sayğaca müdaxilə olunmasına görə istehlakçıya 216 manat, sayğacın mexaniki göstəricisində aşkar edilmiş 31829 m³ təbii qaz sərfiyyatına görə 3724,80 manat borc hesablanmışdır. Bu hissələrdə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "X5"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Bundan başqa, cavabdehin xx.xx.2022-ci il tarixdə 5067.30 manat borcunun olmasına dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, həmin ərizə borcun etirafı kimi qəbul edilərək heç bir araşdırma aparmadan süni şəkildə şişirdilmiş borcun tuutlması ilə nəticələnə bilər. Belə ki, cavabehə ərizə imzaladılarkən onun hüquqularının izah edilməsi ərizədə öz əksini tapmır. Halbuki, MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməsə də, "Elektron məhkmə" informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə 70,20 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 5019,80 manat məbləğində iddianın 1172,10 manat hissəsi (23,35 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 23,35 faizi, yəni 16,39 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 53,81 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış 1172,10 manat debitor borc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 16,39 manat hissəsi, ümumilikdə 1188 (min yüz səksən səkkiz) manat, 49 (qırx doqquz) qəpik məbləğində pul İddiaçı xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı Azərbaycan X6 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar