Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4957/2025 15.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ağa oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin 529.55 manat əsas, 942.75 manat faiz borcu olmaqla, cəmi 1472.3 manat borcun və ödənilmiş 34.73 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 ağa oğlu arasında xx.xx.2018-ci il tarixli BPM**********87 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 ağa oğluna illik 29 %-lə, 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, X6 ağa oğlu xx.xx.2019-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X6 ağa oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş, ona 2V- 837 və 2V-838 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X6 ağa oğlunun xx.xx.2025-ci ilədək Banka ödənilməmiş 529.55 manat əsas, 942.75 manat faiz borcu olmaqla, cəmi 1472.3 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 34.73 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X6 ağa oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə 6-2- 22/2-18284/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin 513.1 manat əsas, 34.73 manat faiz borcu və ödənilmiş 34.73 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddia müddətinin keçdiyinə görə iddianın rədd edilməsini xahiş etdi. Mülki işin materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana istehlak məqsədləri ilə 1000 manat pul verməyi, borcalan isə pulu qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdəsinə götürür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 banka əsas məbləğ üzrə borcu 5299.55 manat əsas, 942.75 manat faiz təşkil edir; -“Elektron notariat” X1 çıxarışdan görünür ki, olmüş şəxs X2 qanun üzrə vərəsəsi Cavabdehdur. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmənin mövqeyi İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh "xxxx" ASC ilə kredit müqaviləsi bağlamış və öhdəliklərini lazımınca icra etməmiş X2 qanun üzrə vərəsəsidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia müddətinin keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də, xx.xx.2018-ci il tarixli kredit müqavilə üzrə iddia müddəti keçmişdir. Belə ki, bağlanmış kredit müqaviləsi üzrə qanunda xüsusi iddia müddəti nəzərdə tutulmadığından müqavilələr üzrə ümumi iddia müddəti şamil olunan kredit müqaviləsi üzrə iddia müddəti 3 il təşkil edir. Kredit müqaviləsi üzrə sonuncu icra müddəti xx.xx.2020-ci il müəyyənləşdirildiyindən məhkəmə hesab edir ki, iddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. İddiaçı isə xx.xx.2025-ci il tarixində məhkəmə müraciət edərək, qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür və iddia müddətinin dayandırılması, kəsilməsi və bərpa edilməsi üzrə əsaslar iş üzrə mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia müddəti barədə ərizə təqdim edildiyindən iddia rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia müddəti tələb hüquqlarına şamil olunmaqla, həmin hüquqların məhkəmə qaydasında məcburi tələb edilməsini istisna edir və öhdəliklərin xitam edilməsinə səbəb olmur. Belə ki, iddia müddəti keçmiş öhdəliklər hələ də mövcud olmağa davam etməklə, hüquqi təbiətcə fərqli bir öhdəlik növü hesab edilən və təbii hüquqa əsaslanan natural öhdəlikləri çevrilirlər. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 34.73 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Müseyib Bayramov