Məhkəmə qərarları › İş №e-2(008)-4960/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(008)-4960/2022

06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4960/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 94 manat 05 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 264 manat 45 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanuna uyğun olaran Milli Televiziya və radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzlaqların qarşısının alınması məqsədilə İddiaçı MMC ilə «Ədalət-A» hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquq xidmətlərin göstərilməsi məqsədilə müqavilə imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatdadır. 44 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisi xx.xx.2018-ci il tarixli ********** saylı çıxarış əsasında cavabdeh olmuşdur. Belə ki, xx.xx.2009- cu il tarixdə həmin ünvanda yaşayan Rəhimov Ramil ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “KATV” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2017-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2017-ci il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. xx.xx.2020-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “KATVİ” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 7919 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 7919 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2019-cu il tarixdə baxış keçirilmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 7919 N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2019-cu il tarixdən qanunsuz qoşulma faktının aşkar edildiyi xx.xx.2020-ci il tarixədək olan müddət 285 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 94 manat 05 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC“Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli ) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılması xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə işə qiyabi icraat qaydasında baxılmasını və məhkəmədən qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna dair qərardad qəbul etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Y.Ramana qəsəbəsi, ünvan 3 ünvanında qeydiyyatındadır. Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 125 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatda olmasa da, ********** nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən həmin mənzil Cavabdeh məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il, 7919 saylı aktın surətindən görünür ki, ünvan 6əmmədov küçəsi, ev 5 a, 8 saylı mənzilin sakinin İddiaçı MMC-nin (KATV-1) şəbəkəsinə qanunsuz qoşulduğu müəyyən edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, AG Telekom MMC tərəfindən ADALAT-A-LLC-yə 150 manat ödəniş etmişdir. 27 yanvar 2022-ci il tarixli AG Telekom MMC-nin arayışından görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Xasməmmədov 5 A, mənzil 8 7919 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2019-cu il tarixində həmin binaya baxışı keçirilmişdir. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmət göstərməli, iş görməli və sair və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1.-ci maddəsinə uyğun olaraq, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə iclası zamanı, o cümlədən mülki işin materiallarıan əlavə edilmiş sübutlar ilə müəyyən edildi ki, ünvan 6əmmədov küçəsi, ev 5 a, 8 saylı mənzil ünvanda İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri olmadan kabel şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin 125 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, qeyd edilən mənzilin sahibi hazırki mülki iş üzrə Cavabdeh olduğundan, kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş ziyan cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndan 94.05 (doxsan dörd manat, beş qəpik) manat vurulmuş zərər, 150 (yüz əlli) manat hüquqi xiddmət xərci, 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat bank xidməti haqqı cəmi 264.45 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia tələbi təmin edilsin. Cavabdehndan 94.05 (doxsan dörd manat, beş qəpik) manat vurulmuş zərər, 150 (bir yüz əlli) manat hüquqi xiddmət xərci, 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat bank xidməti haqqı cəmi 264.45 ( iki yüz altmış dört manat, qırx beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar