Məhkəmə qərarları › İş №e-2(008)-5011/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5011/2022

06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5011/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia verərək 900 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ-21074" markalı 99NR472 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2018-ci il tarixdə Masallı rayonunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan "VAZ-21213" markalı 57BO439 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Masallı RPŞ TB-nin qərarı ilə Cavabdeh3 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh3 avtomobili etibarnamə və sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi əlaqədar 1300 manat məbləğində sığorta ödənişi verilmişdir. Həmin məbləğdən 400 manat Cavabdeh3 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. "VAZ-21074" markalı 99NR472 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan, Cavabdeh2 sürücülük hüququ olmayan şəxsə avtomobili verdiyindən, hadisə zamanı avtomobili etibarnamə olmadan Cavabdeh3 idarə etdiyindən, zərərin əvəzi onların hər üçündən tutulmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adaları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). "VAZ-21074" markalı 99NR472 dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC-də xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortalanmışdır. Masallı RPŞ TB-nin qərarı ilə Cavabdeh3 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh3 avtomobili etibarnamə və sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi əlaqədar 1300 manat məbləğində sığorta ödənişi verilmişdir. Həmin məbləğdən 400 manat Cavabdeh3 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. "VAZ-21074" markalı 99NR472 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 digər Cavabdeh2 avtomobili idarə etmək məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək etibarnamə vermişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə tanışı Cavabdeh3 sürücülük vəsqəsinin olmadığı bildiyi halda avtomobili ona idarə etməyə vermişdir (Masallı RPŞ-də Cavabdeh2 verdiyi izahat). "VAZ-21074" markalı 99NR472 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 tərəfindən etibarnamə və sürücülük hüququ olmadan idarə edilərkən sığorta müddətində xx.xx.2018-ci il tarixdə Masallı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan "VAZ-21213" markalı 57BO439 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Masallı RPŞ DYPB tərəfindən qəbul edilmiş TYP № 127929 inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh2 tərəfindən sürücülük hüquq olmadan avtomobili idarə etdiyinə görə barəsində AR İXM-nin 335.3-cü maddəsi ilə təqsirli bilinərək 180 manat məbləğində cərimə tənbeh növü tətdib edilmişdir. Masallı RPŞ TB-nin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə Cavabdeh3 tərəfindən etibarnamə və sürücülük hüququ olmadan avtomobilin idarə edildiyi müəyyən edilmişdir. "VAZ-21213" markalı 57BO439 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 1300 manat məbləğində qiymətləndirilmişdir (dəymiş zərərin hesablanmasına dair akt). Həmin 1300 manat baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X2 "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdə ödənilmişdir (04763 №-li ödəniş tapşırığı). İddia ərizəsinə əsasən həmin məbləğdən 400 manat Cavabdeh3 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Hazırda iddiaçı qalan 900 manat məbləğində verilmiş sığortanın subroqasiya qaydasında hər üç cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edildiy kimi, Cavabdeh3 sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. Cavabdeh2 onun sürücülük vəsqəsinin olmadığı bildiyi halda avtomobili ona idarə etməyə vermişdir. Avtomobili sahibi isə Cavabdeh1dur. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələb hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, 900 manat məbləğində verilmiş sığorta ödənişi hər üç cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 900 manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar