Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-509/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dələduzluq yolu ilə ondan aldığı 8000 manatın və iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Razin qəsəbə sakini olan iş üzrə Cavabdeh 2019-cu ilin payız aylarında onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onun 8000 manat pulunu mənimsəmişdir. Cavabdeh barəsində ona və digər şəxslərə qarşı etdiyi həmin dələduzluq əməlinə görə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət işi başlanılıb, Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh 178.2.2, 178.2.3, 178.2.4- cü maddələri ilə təqsirli bilinərək, barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd edilən hökmdən də görünür ki, həmin cinayət işinə məhkəmədə baxılarkən Cavabdeh etibarından sui-istifadə edərək onun 8000 manat pulunu ələ keçirdiyini etiraf etmiş və həmin pulu qaytaracağına söz vermişdir. Lakin Cavabdeh bu günədək onun pulundan hər hansı bir hissə qaytarmamışdır. Beləliklə, onun hüquqları tamamilə kobud surətdə pozulmuş və cavabdeh göstərilən pulu könüllü olaraq ona qaytarmaqdan yayınır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 1-1(093)-59/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 178.2.4, 32.4 və 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı cavabdehə ümumilikdə cəmi 8000 manat məbləğində pul vermişdir. Bu barədə onların arasında hər hansı müqavilə bağlanmamış, pulun verilməsinə digər hüquqi əsas olmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə 1091-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, işin hallarını nəzərdən keçirərək məhkəmə müəyyən edir ki, cavabehin iddiaçıdan 8000 manat məbləğində pul alması faktı məhkəmə hökmü ilə müəyyən olunmuşdur və artıq bu fakt sübuta yetirlməkdən azaddır. Həmin pul vəsaitinin alınmasının heç bir hüquqi əsası olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına 8000 manat məbləğində əsassız varlanmışdır. Ona görə də, həmin pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti və 100 (yüz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-509/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-509/2024
17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver