Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5162/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 5202,14 manat əsas borc, 100,57 manat faiz borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 624,26 manat borc olmaqla, cəmi 5926,97 manat kredit borcunun və ödənilmiş 79 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102MGTK0116397AA nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 6.286 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə borc verən borc alanı xəbərdar etdikdən 3 iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək borc alanın vəzifəsidir. AZ-İİ № 071631 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2020-ci ildə vəfat etmiş, xx.xx.2022-ci il tarixli 2V-117 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras qoyanın vərəsələri olmaqla miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,32 kv.m olan 4 otaqlı mənzildən 1/4 hissədə pay almalıdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-E-21-8385/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə cavabdehlərin banka 5.202,14 manat əsas borc, 100,57 manat faiz borcu, 624,26 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu olmaqla cəmi 5.926,97 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, atası X2 vərəsəsi olsa da, atasının banka borclu qalmasından xəbərsiz olmuşdur. Anasının xəstəliyi ilə əlaqədar atası bankdan pul götürmüşdür. Atası öldükdən sonra ölüm haqqında şəhadətnaməni banka təqdim edərkən, borcun olmadığını bildirmişlər. O, qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, bank atası ilə aralarında bağlanmış kredit müqaviləsi və notariat ofisində vərəsə olduqlarını təsdiq edən sənəddən başqa heç bir sübut ortaya qoymamışdır. O, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 102MGTK0116397AA nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 6.286 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə X2 banka 5.202,14 manat əsas, 100,57 manat faiz borcu, 624,26 manat Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu olmaqla, cəmi 5.926,97 manat borcu qalmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, № 071631 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2V-117 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X2 vərəsələri Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63,32 kv.m olan 4 otaqlı mənzildir. Vərəsələrin hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdırlar. İş materiallarında olan 12-5/2-E-21-8385/2025 saylı, xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdehlər edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 739.1, 741, 1255, 1306 və 1307-ci maddələrinə əsasən, cavabdehlərə qarşı kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4-cü və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinin məzmunundan görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən isə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarında göstərilir ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqqat hissəsində göstərilənlərə əsasən, X3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102MGTK0116397AA saylı kredit müqaviləsinə əsasən cavabdeh X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2022-ci il tarixə əsas borc üzrə 5057,18 manat, faiz borcu üzrə 3981,29 manat, xx.xx.2025-ci il tarixinə, yəni maliyyə arayışının verildiyi tarixə əsas borc üzrə 5057,18 manat, faiz borcu üzrə 3981,29 manat, illik faiz borcu üzrə 5% hesablanmaqla 606.86 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi, onlara çatan miras payı həcmində miras qoyanın kreditor qarşısında məsuliyyət daşıması və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli 102MGTK0116397AA nömrəli kredit müqaviləsinə əsasən 5057,18 manat əsas borc, 100.57 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 606,86 manat olmaqla, cəmi 5764,61 manat məbləğində kredit borcu tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 79 manat məbləğində dövlət rüsumunun 77,65 manat hissəsi cavabdehlərə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli ekspert təqdiqatının dəyəri 100 manat təşkil edir və həmin məbləğ də cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5057,18 manat əsas borc, 100.57 manat faiz borcu, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, 606,86 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 5764,61 (beş min yeddi yüz altmış dörd manat altmış bir qəpik) manat məbləğində kredit borcu və 77,65 (yetmiş yeddi manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İş üzrə çəkilmiş 100 (yüz) manat ekspertiza xərci cavabdehlərə aid edilməklə, onlardan müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-5162/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5162/2025
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver