Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5269/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul ediılməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə şəxsi tanışlığı, dostluq münasibəti olmuşdur. Onun səmimiyyətinə inanaraq, xx.xx.2023-cü il tarixli razılaşmalarına uyğun olaraq 6 ay müddətinə qaytarmaq şərtilə 6000 manat məbləğində borc pul vermişdir. Cavabdeh 6000 manat pulu 6 ay müddətinə qaytarmağa söz verməsinə baxmayaraq, öhdəliyini pozaraq vaxtında və lazımi qaydada icra etməmişdir, telefon vasitəsilə danışarkən pulu qaytaracağına söz versə də, müxtəlif bəhanələr gətirərək qaytarmamışdir. Borc öhdəliyi cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyindən, ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli razılaşma üzrə ümumi borc məbləğinin cəmi 500 manatı hissə-hissə geri qaytarılmış, qalan 5500 manat geri qaytarılmamışdır. İddia ərizəsinə əlavə edilmiş “watsapp” mobil tətbiqi yazışmalarından da açıq aydın görünür ki, cavabdeh borcun qalan hissəsi olan 5500 manatı geri qaytarmağa vədlər versə də, öhdəliyi icra etmir. xx.xx.2025ci il tarixində cavabdehə pretenziya bildirişi göndərməsinə, həmçinin telefon vasitəsilə məlumat verməsinə baxmayaraq, cavabdeh borcun qalan hissəsini ödəməkdən yayınır. Qeyd olunanların nəzərə alınaraq, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək və ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya 5500 manat borcu olduğunu etiraf etdi. Lakin maddi vəziyyəti ilə əlaqədar borcunu qaytarmadığını bildirdi. Cavabdeh iddianın təmin olunmasına etiraz etmədi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək və ərizə təqdim edərək, İddiaçı 5500 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 6000 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcundan 500 manatı hissə-hissə geri qaytarsa da, 5500 manatı hazırkı vaxtadək qaytarmamışdır. Cavabdeh iddiaçıya 5500 manat borclu olduğunu məhkəmə iclasında verdiyi izahatında etiraf etmiş, lakin maddi imkansızlığı səbəbindən borcunu qaytara bilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Onun iddiası cavabdehin tələb olunan pul vəsaiti ilə bağlı etirafı işin faktiki halları ilə uzlaşıb, iddianın təmin edilməsi üçün mötəbər və yetərli hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməklə, 76 manat ondan alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5500 (beş min beş yüz) manat məbləğində borc pul və 76 (yetmiş altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-5269/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5269/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver