Məhkəmə qərarları › İş №e-2(008)-5369/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5369/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5369/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "10849,76 manat əsas, 1544,52 manat kreditdən istifadəyə görə faiz, 478,75 manat cərimə olmaqla, cəmi 12873,03 manat borcun və 130 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "10849,76 manat əsas, 1544,52 manat kreditdən istifadəyə görə faiz, 478,75 manat cərimə olmaqla, cəmi 12873,03 manat borcun və 130 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı etiraf edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə cəmi 12873,03 manat borcunun olmasını, borcunu ödəməkdən yayınmadığını, işsiz olduğundan ödəyə bilmədiyini, lakin hal-hazırda işlədiyi üçün növbəti aydan ödənişlər edəcəyini bildirmişdir. O, xx.xx.2024-cü ildə keçirilmiş məhkəmə iclası zamanı məhkəməyə bu barədə ərizə də vermişdir. Həmin ərizədə o, işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə məhkəmə baxışı onun iştirakı olmadan keçirildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Ona görə də məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalara əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi) Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşdə olan, iddiaçı "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli CC/05914/85/25 nömrəli "Kredit sazişi"ndən görünür ki, cavabdehə 48 ay müddətinə illik faiz dərəcəsi 21 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli "Arayış"dan görünür ki, cavabdehin "xxxx" ASC-yə 10849,76 manat əsas kredit borcu, 1544,52 manat kreditdən istifadəyə görə faiz borcu, 478,75 manat cərimə borcu yaranmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin iddiaçıya əsas borcu 10849,76 manat, kreditdən istifadəyə görə faiz borcu 1544,52 manat, cərimə borcu isə 478,85 manat təşkil edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə olan halda, iddianın etiraf olunması məhkəmə tərəfindən qəbul edilməli və iddiaçının irəli sürdüyü tələblər təmin olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcləri cavabdehə aid edilməli və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 130 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10849,76 manat əsas kredit borcu, 1544,52 manat kreditdən istifadəyə görə faiz borcu, 478,75 manat cərimə, 130 manat dövlət rüsumu olmaqla, cəmi 13003,03 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar