Məhkəmə qərarları › İş №e-2(008)-5460/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5460/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5460/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC in Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1404,25 manat məbləğində pulun və ödənilmiş 35 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında illik icarə haqqı 2500 manat olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 60 kv.m sahəsini mobil baza stansiyasının quraşdırılması üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehə bir il üçün icarə haqqı ödənilmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə 19 yanvar 2023-cü il tarixdə mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti cavabdehə təhvil verilmişdir. Buna görə də tərəflər arasında imzalanmış xx.xx.2022- ci il tarixli icarə müqaviləsinə 19 yanvar 2023-cü il tarixdən xitam verilməsi barədə cavabdehə bildiriş göndərilmiş və artıq ödənilmiş 1404,25 manat (2500/365X205 gün=1404,25) pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. İcarə müqaviləsinin 2.1.13-cü maddəsinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, icarəçi icarəyə verənə qabaqcadan ödənilmiş icarə haqqını 5 gün ərzində icarəçiyə geri qaytarmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, bu məsələlərlə oğlu məşğul olmuşdur. Xahiş edir ki, məbləğ azaldılsın və pul ondan hissəhissə tutulsun. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən cavabdeh ünvan 2 ünvanda yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 60 kv metr olan icarə obyektini iddiaçının istifadəsinə verməyi, iddiaçı isə bunun müqabilində cavabdehə müəyyən edilmiş icarə haqqını İcarəyə verənə ödəmək öhdəliyi götürmüşlər, 3.1-ci bəndinə əsasən illik icarə haqqı müvafiq vergilər xaric olmaqla 2500 manat olması nəzərdə tutulmuşdur; 3.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsi xx.xx.2022 -ci il tarixdən etibarən hesablanacağı nəzərdə tutulmuşdur; 2.1.13-cü bəndinə əsasən müqaviləyə istənilən səbəbdən vaxtından əvvəl xitam verildikdə, iddiaçı tərəfindən cavabdehə qabaqcadan ödənilmiş və istifadə edilməmiş pul vəsaitininin İcarəçiyə 5 iş günü ərzində geri qaytarmaq öhdəliyi nəzərdə tutulmuşdur; 4.1-ci bəndinə əsasən müqavilənin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixinədək nəzərdə tutulmuşdur; 4.3-cü bəndinə əsasən iddiaçı tərəfindən istənilən vaxt müddət başa çatmadan, vaxtından əvvəl səbəbi göstərilmədən müqaviləyə bir tərəfli olaraq xitam verə biləcəyi nəzərdə tutulmuşdur; 4.4-cü bəndinə əsasən cavabdeh yalnız müddət bitdikdən sonra, növbəti uzadılmış müddət ərzində 6 ay əvvəlcədən icarəçiyə yazılı surətdə səbəbi göstərilməklə bildiriş təqdim etməklə müddət başa çatmadan, vaxtından əvvəl bir tərəfli qaydada xitam verə biləcəyi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən 2500 manat bir illik icarə haqqı cavabdehə ödənilmişdir (3022 №li xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı). Tərəflərin qarşılıqlı razılığı ilə 19 yanvar 2023-cü il tarixdə mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti cavabdehə təhvil verilmişdir (razılıq məktubu). Beləliklə, müqavilə 160 gün müddətində qüvvədə olmuşdur. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə ödənilmiş 1404,25 manat (2500/365X205 gün=1404,25) pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Hazırda iddiaçı 1404,25 manatın cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 697.3-cü maddəsinə görə kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, artıq ödənilmiş pul qaytarılmalıdır. Lakin, məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən borcun hesablanmasında kiçik səhvə yol verilmişdir, yəni geri qaytarılmaı məbləğ 1404,10 manatdır. İddiaçı eyni zamanda 35 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, həmin rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1404,10 manat pul və 35 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC in xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar