Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5586/2024 10.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat məbləğində müəyyən edilməsi və hüquqi yardıma görə ödənilmiş 150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, uşaqları X1, X5 və X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 137 manat məbləğində aliment cavabdehdən tutulması qət edilmişdir. Təyin edilmiş məbləğ hazırda uşaqların tələbatını ödəməyə kifayət etmir. Cavabdeh məhkəmənin hazırlıq iclası zamanı verdiyi izahatda bildirmişdir ki, o, qətnamə üzrə ödədiyi alimentdən əlavə, hər dəfə uşaqları ilə görüşəndə onlar üçün bazarlıq edir, uşaqlarına ayda təxminən 800-900 manat pul xərcləyir, bundan başqa, o, iddiaçı ilə boşandıqdan sonra başqa şəxslər ailə qurmuş, həm də öz valideynləri onun himayəsindədirlər. Bu səbəblərə görə onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur, o, hər ay üç uşağa ümumilikdə 500 manat aliment ödəyə bilər. İddiaçı məhkəməyə ərizə verərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyinə, cavabdeh isə məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı ümumi uşaqları vardır. İşdə olan "Doğum haqqında şəhadətnamə"lərin surətlərindən görünür ki, X6 xx.xx.2010-cu ildə, X7 xx.xx.2015-ci ildə, X8 xx.xx.2015-ci ildə anadan olmuş, onların valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-2322/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2007-ci il tarixli nikah qeydi ləğv olunmuş, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 analarının yanında saxlanılmış və həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 137 manat məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan "Elektron məhkəmə" informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh hazırda başqa qadınla ailəlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan başqa, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.2-ci bəndində deyilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qanunvericiliyin yuxarıda sadalanan normaların mənasına görə, alimentin artırılması institutunun təyinatı ilk növbədə uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması qeyd olunsa da, tərəflərin maddi və ailə vəziyyətləri, diqqətəlayiq digər hallar da nəzərə alınmalıdır. Cavabdeh valideynlərinin onun himayəsində olmasını, habelə qətnamə üzrə iddiaçıya ödədiyi alimentdən əlavə, hər dəfə uşaqları ilə görüşəndə onlar üçün bazarlıq etdiyini, uşaqlarına ayda təxminən 800-900 manat pul xərclədiyini bildirsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, Cavabdeh iddiaçıdan ayrıldıqdan sonra başqa qadınla ailə qurması və hazırda ailəli olması təsdiq olunmuşdur. Digər tərəfdən, "Elektron məhkəmə" informasiya sistemində onun əmək müqaviləsi və qazancı barədə məlumat aşkar edilmədi. İddiaçı məhkəməyə cavabdehin qazancı barədə sübut təqdim etməsə də, cavabdeh qeyri-rəsmi işləyərək bir şirkətin internet səhifəsini evdən idarə etdiyini və hər ay 1500 manat pul qazandığını, arada isə taksi sürdüyünü bildirmişdir. Eyni zamanda, "Elektron məhkəmə" informasiya sistemindən müəyyən edildi ki, İddiaçı hazırda "X4" publik hüquqi şəxsində şöbə müdiri vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1400 manat təşkil edir. Məhkəmə "uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması" prinsipini, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılıb hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bundan başqa, məhkəmə alimentin hazırkı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən artırılması barədə iddia tələbi ilə əlaqədar qeyd edir ki, tələb həmin hissədə əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, alimentin artırılması hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi vaxtdan deyil, hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia qismən təmin edilməli, cavabdehdən tutulan alimentin miqdarı artırılıb hər uşağa görə ayda 200 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddiada artırılması tələb edilən alimentin bir illik miqdarı (705 manat – 411 manat = 294 manat x 12 ay) 3528 manat təşkil edir. Bu iddiaya görə (30 manat + 25,28 manat) 55,28 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Cəmi 705 manat iddia tələbinin 600 manat (85,10 %) hissəsi təmin edildiyinə görə dövlət rüsumunun müvafiq olaraq 47,04 manat hissəsi cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğuna görə dövlət rüsumunun qalan 8,24 manat hissəsi ona aid edilməməlidir. Bundan başqa, işdə olan xx.xx.2024-cü il tarixli 14 nömrəli müqavilədən və eyni tarixli 579922 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ilə "xxxx" MMC hüquqi yardımla bağlı razılaşmış və iddiaçı həmin MMC-yə 150 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ də məhkəmə xərclərinə aid olduğuna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsində göstərilən qaydada işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə olan halda, göstərilən məbləğin 85,10 %-i, yəni 127,65 manat hissəsi cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 22,35 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)- 2322/2017 nömrəli qətnaməsi əsasında xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə tutulan 137 manat alimentin miqdarı artırılsın və hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 47,04 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cavabdeh 127,65 manat işə baxılması ilə əlaqədar məsrəf alınaraq İddiaçı ödənilsin. İşə baxılması ilə əlaqədar məsrəfin 22,35 manat hissəsi İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X13.
Məhkəmə qərarları › İş №e-2(008)-5586/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5586/2024
10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver