Məhkəmə qərarları › İş №e-2(008)-5603/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5603/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5603/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Seyfəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borc" tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borc" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)300719-01nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 7.374,20 (yeddi min üç yüz yetmiş dörd manat 20 qəpik) manat məbləğində borcun-bundan 6.939,80 (altı min doqquz yüz otuz doqquz manat 80 qəpik) manat əsas borcun, 130,08 (bir yüz otuz manat 08 qəpik) manat kredit müqaviləsinin müddəti üçün hesablanmış faiz borcunun və 304,32 (üç yüz dörd manat 32 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 93.74 (doxsan üç manat 74 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 30 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)300719-01 nömrəli kredit müqaviləsinə əsasən 3 dekabr 2015-ci il tarixli 23-4741 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün Cavabdeh2 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7.244,89 (yeddi min iki yüz qırx dörd manat 89 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında 30 iyul 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 11 iyun 2025-ci il tarixli 12-5/2-A-41-9728/2025 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bu səbəbdən də Cavabdeh2 30 iyul 2019-cu il tarixli MBNP ***- *******FİMSA (B) 300719-01 nömrəli kredit müqaviləsi üzrə 17 iyun 2025-ci il tarixə banka ödənilməmiş cəmi 7.374,20 (yeddi min üç yüz yetmiş dörd manat 20 qəpik) manat məbləğində borcu vardır. Bundan 6.939,80 (altı min doqquz yüz otuz doqquz manat 80 qəpik) manat əsas borc, 130,08 (bir yüz otuz manat 08 qəpik) manat kredit müqaviləsinin müddəti üçün hesablanmış faiz borcu və 304,32 (üç yüz dörd manat 32 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəblərini göstərməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh2 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA (B)300719-01 nömrəli kredit müqaviləsinə əsasən 3 dekabr 2015-ci il tarixli 23-4741 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün Cavabdeh2 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7.244,89 (yeddi min iki yüz qırx dörd manat 89 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka olan əsas kredit borcu 6939,80 manat, faiz borcu 130,08 manat, illik 5%-lə əsas borca hesablanmış faiz borcu 304,32 manat, cəmi 7374,20 manat təşkil edir. - İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun həmin tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun həmin tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, digər cavabdeh isə kredit borcunun təminatçısı kimi üzərinə öhdəlik götürmüşlər. Həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının digər cavabdehə qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin, iddia ərizəsinin öhdəliyin gecikdirməsi nəticəsində yaranmış 304,32 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, cavabdehdən müqavilə üzrə öhdəliyin vaxtında icra olunmaması nəticəsində cəmi 304,32 manat məbləğində dəymiş zərərin əvəzi tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər xx.xx.2019-cu il kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərindən kredit müqaviləsi üzrə yaranmış borc məbləği iddia tələbində göstərilmiş qaydada cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə (Ləğv prosesindədir) ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 93,74 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 6.939,80 (altı min doqquz yüz otuz doqquz manat səksən qəpik) manat əsas borc, 130,08 (bir yüz otuz manat səkkiz qəpik) manat faiz borcu və 304,32 (üç yüz dörd manat otuz iki qəpik) manat illik 5%-lə əsas borca hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 93.74 (doxsan üç manat yetmiş dörd qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin (Ləğv prosesindədir) hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar