Məhkəmə qərarları › İş №e-2(008)-5640/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5640/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5640/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nın Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1420,25 manat əsas borc, 19,99 manat faiz borcu, cəmi 1440,24 manatın və ödənilmiş 35 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və xx.xx.2019-cu il tarixli 17-xx-xx-091494 №-li kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 17-xx-xx-091494 №-li kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə şəxsi məqsədləri üçün illik 1% dərəcəsi ilə 60 ay müddətinədək 1420,25 manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştiarkı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Banka olan borcunu etiraf edir, lakin o, hissə-hissə ödənilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını aşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 17-xx-xx-091494 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 1% olmaqla 60 ay müddətinə 1420,25 manat məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib olunmuşdur. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borcu 1420,25 manat, faiz borcu 90,56 manat, cəmi borcu 1440,24 manat təşkil edir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli məktubla cavabdehə kredit borcunun ödənilmədiyi təqdirdə kredit müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət ediləcəyə barədə xəbərdarlıq edilmiş, həmin məktub «qəbul etmədilər» qeydi ilə xx.xx.2021-ci il tarixdə Banka geri qaytarılmışdır. Hazırda iddiaçı cavabdehdən 1440,24 manat məbləğində kredit borcunun tutularaq ödənilməsini və müqavilənin ləğv edilməsini istəyir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. odur ki, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda müqavilənin ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, iddia müqavilənin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, eyni zamanda müqavilənin ləğv edilməsi təklif edilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmiş və müqavilənin ləğv edilməsinə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1420,25 manat əsas borc, 19,99 manat faiz borcu, cəmi 1440,24 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, xx.xx.2019-cu il tarixli 17-xx-xx-091494 №-li kredit müqaviləsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1420,25 manat əsas borc, 19,99 manat faiz borcu, cəmi 1440,24 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun, xx.xx.2019-cu il tarixli 17-xx-xx-091494 №-li kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar