Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5710/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "20968,79 manat əsas, 1509,84 manat faiz, 2332,96 manat cərimə borcu olmaqla, cəmi 24811,59 manat borcun və ödənilmiş 165 manat dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "20968,79 manat əsas, 1165 manat faiz, 1269,34 manat cərimə borcu olmaqla, cəmi 23403,13 manat borcun və ödənilmiş 161 manat dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi X2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh 20968,79 manat əsas, 1509,84 manat faiz, 2332,96 manat cərimə borcu olmaqla, cəmi 24811,59 manat borcun və ödənilmiş 165 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh işə onların iştirakı olmadan baxılmasını xahiş etdiklərinə görə məhkəmə iclası onların iştirakı olmadan keçirildi. Eyni zamanda, Cavabdeh xx.xx.2024-cü ildə məhkəməyə ərizə verərək, iddiaçıya 23403,13 manat borcunun olduğunu, borcu ödəməkdən boyun qaçırmadığını, maddi imkansızlığa görə borcu ödəmədiyini, oktyabr ayından ödənişlərə başlayacağını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini artırdıqdan sonra xx.xx.2024-cü ildə Cavabdeh məhkəməyə başqa bir ərizə verərək bildirmişdir ki, iddiaçıya kredit müqaviləsi üzrə 20968,79 manat əsas, 1509,84 manat faiz, 2332,96 manat cərimə, cəmi 24811,59 manat borcu olduğunu qəbul edir, iddianın təmin olunmasına etiraz etmir. Uzun müddət ürək xəstəliyindən əziyyət çəkdiyi üçün (hərbi vəzifələri icra edərkən 2-ci qrup əlil) ödənişi vaxtında edə bilməmişdir. Oktyabr ayından ödənişi tənzimləyəcəkdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Ona görə də məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalara əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi) Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşdə olan xx.xx.2023-cü il tarixli SBNPU-07069 nömrəli Kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 16% ödəmək şərti ilə 24000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh iddiaçıya 20968,79 manat əsas, 1509,84 manat faiz, 2332,96 cərimə olmaqla, cəmi 24811,59 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqavilə üzrə 20968,79 manat əsas, 1509,84 manat faiz, 2332,96 manat cərimə borcunun ödənilməsi tələb edilir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə əsas borcunu və kreditə görə faiz borcunu tələb etməkdə haqlıdır. Cavabdehin iddianı etiraf etməsi həmin hissədə qanuna zidd deyil, ona görə də iddianın etiraf olunması həmin hissədə məhkəmə tərəfindən qəbul edilməli və iddiaçının 20968,79 manat əsas, 1509,84 manat faiz məbləğində pul tələbi təmin olunmalıdır. Cavabdehdən tələb olunan dəbbə pulu ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, kreditorun əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Məhkəmə dəbbə pulunun miqdarının əsas borcun 5 faizi miqdarında müəyyən olunmasını tərəflərin bütün əsaslı mənafelərinə uyğun hesab edir. Cavabdehin ödənilməmiş 20968,79 manat borcunun beş faizi (20968,79 manat : 100% x 5%) 1048,44 manat təşkil edir. Ona görə də iddiaçının cavabdehdən 2332,96 manat cərimə tələbi qismən, yəni 1048,44 manat hissədə təmin edilməli, qalan 1284,52 manat hissədə isə təmin edilməməlidir. Cavabdehin 1284,52 manat məbləğlə bağlı hissədə iddianı etiraf etməsi qanuna zidd olduğuna görə qəbul edilməməlidir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023cü il tarixli müqavilə üzrə 20968,79 manat əsas, 1509,84 manat faiz, 1048,44 manat cərimə, cəmi 23527,07 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat, xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 131 manat, xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 4 manat, cəmi 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 24811,59 manat məbləğində iddianın 23527,07 manat hissəsi (94,82 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 94,82 faizi, yəni 156,45 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 8,55 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İbrahimov Tahir oğlundan 20968,79 manat əsas borc, 1509,84 manat faiz, 1048,44 cərimə borcu, 156,45 manat ödənilmiş dövlət rüsumun əvəzi, cəmi 23683,52 manat məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 165 manat dövlət rüsumunun qalan 8,55 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X5.
Məhkəmə qərarları › İş №e-2(008)-5710/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5710/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver