Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5740/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit borcun qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit borcun qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 27.614,80 ABŞ dolları - bundan 10.455,66 ABŞ dolları əsas, 4.060,91 ABŞ dolları faiz, 11.597,48 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.500,75 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 230,84 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 19.100 (on doqquz min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında 440005996/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra həmin Kredit müqaviləsinə 03 avqust 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) 20.743,38 (iyirmi min yeddi yüz qırx üç ABŞ dolları 38 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-A-41-9449/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 27.614,80 (iyirmi yeddi min altı yüz on dörd ABŞ dolları 80 sent) ABŞ dolları təşkil edir. Bundan 10.455,66 (on min dörd yüz əlli beş ABŞ dolları 66 sent) ABŞ dolları əsas, 4.060,91 (dörd min altmış ABŞ dolları 91 sent) ABŞ dolları faiz, 11.597,48 (on bir min beş yüz doxsan yeddi ABŞ dolları 48 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.500,75 (bir min beş yüz ABŞ dolları 75 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, faiz və cərimə borcun şişirdilmiş olduğunu, məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti xx.xx.2025-ci ildə bitmişdir. Elektron məhkəmə sistemindən də göründüyü kimi iddia xx.xx.2025-ci ildə verilmişdir. Bunları nəzərə alaraq iddiadan imtina barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 faiz olmaqla 19100 (on doqquz min yüz) ABŞ dollar məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə öhdəlikləri tamamilə və ya hissə-hissə icra edilməsi üçün öz üzərlərinə öhdəlik götürərək zamin durmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 01 saylı əlavənin surətindən görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş 1010.03 manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişindən görünür ki, ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi restruktrurizasiya edilmiş kredit müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilsi üzrə xx.xx.2017-ci il tarixli sazişindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş üzrə borcalanın öhdəliyinə zamin durmuşdular. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilsi üzrə xx.xx.2017-ci il tarixli sazişindən görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş üzrə borcalanın öhdəliyinə zamin durmuşdular. -İş materiallarında olan 12-5/2-A-26-9448/2025 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 10455.66 ABŞ dolları əsas, 4060.91 ABŞ manat faiz, 11597.48 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1500.75 ABŞ dolları faiz borcu, cəmi 27614.80 (iyirmi yeddi min altı yüz on dörd dollar, səksən sent) ABŞ dolları təşkil edir. - İddiaçı LPO 12-5/2-A-41-9449/2025 nömrəli, xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcalan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 kredit borcunun ödənməsini tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27.12.217-ci il tarixli 2- 1(103)-3194/2017 nömrəli qərarından görünür ki, Dəmir Bank ASC müflis elan edilərək ləğv prosesi başlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********41 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 230.84 (iki yüz otuz manat, səksən dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üzrə qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.3-ci maddəsinə əsasən İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2015-cü il tarixində 24 ay müddətinə kredit müqaviləsi bağlanmış, daha sonra isə tərəflərin razılığı ilə kreditin müqaviləs restrukzasiya edilərək müddəti artırılmışdır. İddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan Cavabdeh2 müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Məhkəmə Cavabdeh2 tutulmalı olan əsas və faiz borca qiymət verərək qeyd edir ki, cavabdehdən tutulmalı olan əsas borcu və faiz borcu əsaslı olduğundan tam təmin edilməlidir. Məhkəmə iddia tələbi üzrə tələb olunan cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cərimə məbləği əsas borca manasibətdə mütənasib olmadığını, şişirdilmiş hesab edilməli, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 200 (iki yüz) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan sonra məhkəmə müqavilə müddəti bitdikdən sonra illik hesablanmış faiz borcunun Cavabdeh2 tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə xx.xx.2017-ci il tarixdə müflis elan edilmişdir. Beləliklə məlum olur ki, iddiaçı xx.xx.2017-ci il tarixdən kredit müqaviləsi üzrə hər hansı bir gəlir əldə edə bilmədiyindən kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən xx.xx.2022-ci il tarixdən sonra illik faiz borcunun tutulması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Bundan sonra məhkəmə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixli iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfin iddiaçının müqavilə tələbləri üzrə qanunvericilik ilə nəzərdə tutulmuş 3 illik iddia müddətinin iddiaçı tərəfdən ötürülərək müqavilənin müddətinin bitdiyi tarixdən xx.xx.2022ci ildən xx.xx.2025-ci il tarixədək məhkəməyə iddia tələbi ilə mürciət etməli olduğu halda iddiaçının xx.xx.2025-ci il tarixdə müraciət etmiş olduğunu bildirsədə, məhkəmənin məhkəmənin dəftərxansına etmiş olduğu sorğuya cavabdan görünür ki, iddiaçı DəmirBank ASC hazırki tələb ilə elektron məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddətinin axımı müqavilə üzrə öhdəliyin icra edilməli olduğu müddəti bitdiyi tarixdən xx.xx.2022-ci il tarixdən hesablandığından və iddiaçı xx.xx.2025-ci il tarixdən məhkəməyə müraciət etdiyindən iddiaçının iddia müddətinin ötürmədəyi müəyyən edilməli və ərizə rədd edilməlidir. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, digər Cavabdeh1, Cavabdeh3 ilə xx.xx.2015-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti kreditorla borclu arasında Bakı şəhərində bağlanmış xx.xx.2017-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərinin (dəbbə pulunun) qaytarılmasından ibarətdir. Həmin zaminlik müqaviləsinin əsasən zaminlər Cavabdeh1, Cavabdeh3 borcalan Cavabdeh2 kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin icrası üçün onunla birgə və eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 1.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2017-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. LPO DəmirBank ASC ilə Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-cü il tarixli 440005996/ZM nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş xx.xx.2017-ci il tarixdə, sonuncu ödəniş xx.xx.2022ci il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci xx.xx.2022-cu il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2017-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zaminlər birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminlərə qarşı xx.xx.2023-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh1, Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyindən zaminlərin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh1, Cavabdeh3 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın 230.84 manat dövlət rüsumunun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumundan 165.06 (yüz altmış beş manat, altı qəpik) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 10.455,66 (on min dörd yüz əlli beş ABŞ dolları almış altı sent) ABŞ dolları əsas borc, 4.060,91 (dörd min altmış ABŞ dolları doxsan bir sent) ABŞ dolları faiz, 200 (iki yüz) ABŞ dolları cərimə borcu olmaqla cəmi 14716.57 (on dört min yeddi yüz on altı ABŞ dolları əlli yeddi sent) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 165.06 (yüz altmış beş manat, altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-5740/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5740/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver