Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5749/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, cavabdehlər Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 6784.78 manat məbləğində kredit bоrcu, 449.77 manat məbləğində faiz bоrcu və 49.44 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7283 (yeddi min iki yüz səksən üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 92.84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 029A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ilə eyniməna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10500 (on min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2025-ci il tarixli 029A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3715.22 manat ödəniş etmiş və оnun iddiaçıya 6784.78 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6- cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 111 gün üçün hesablanmış faiz borcu 449.77 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 111 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 49.44 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, mütəmadi olaraq bankın əməkdaşları ilə əlaqədədir. Sözügedən bankdan 10500 manat kredit götürmüş, mart ayında anası sol tərəfdən iflic olmuşdur. Bütün xərcləri anası üçün gedib. Həmçinin qardaşı narkomaniyadan əziyyət çəkir, götürdüyü pulla onu reabilitasiyaya göndərmiş, özü iyul ayında zədələnmişdir. Futbol oynayır, başqa gəlir yeri yoxdur. Banka da dəfələrlə ödəyəcəyini demiş, borcdan qaçmır. Zaminlərdən biri dostu, digəri keçmiş iş yoldaşıdır. Zaminlərin də birinin anası xərçəngdir, borcunun onun maaşına yönləndirilməsini istəmir. Digərinin də başına oxşar bir iş gəlib, maaşından tutulmalar həyata keçirilir. Ədalətli qərar çıxarılmasını xahiş edir. Öz zədələri də daxil hər şeyin sübutu var. Faizlər bir az şişirdilmiş görünür, amma yəqin faizi günə uyğun olaraq hesablayıblar, düşünür ki, şişirdilmiş məbləğ yoxdur, iddia tələbini qəbul edir, amma ödəməyə imkanı çatmır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən (ərizədən) görünür ki, bank tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 10500 manat kredit verilmişdir. Cavabdeh2 48 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2025-ci il tarixli 029A**********S saylı sazişlə müvafiq borc məbləği restrukturizasiya olunmuşdur. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 029G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, sonuncu İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə borclu öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli 029G**********01 nömrəli zaminlik müqaviləsi yenilənmişdir. - İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 029G**********02 nömrəli zaminlik müqaviləsindən görünür ki, sonuncu İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə borclu öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli 029G**********02 nömrəli zaminlik müqaviləsi yenilənmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 48 ay müddətində hər ay banka 321 manat (sonuncu ay 348.15 manat) kredit borcu ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 27 ay müddətində hər ay banka 324 manat (sonuncu ay 337.41 manat) kredit borcu ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 029A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka 6784.78 manat əsas, 449.77 manat faiz borcu, 49.44 manat cərimə olmaqla, cəmi 7283.99 manat məbləğində borcu yaranmışdır. - İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, yaranmış borc xx.xx.2025-ci il tarixinədək ödənilmədiyi təqdirdə, borcun məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 92.84 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 10500 manat kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Eyni zamanda, Cavabdeh1 və Cavabdeh3 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 İddiaçı QSC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 6784.78 manat məbləğində kredit bоrcu, 449.77 manat məbləğində faiz bоrcu və 49.44 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7283.99 manat məbləğində bоrc və 92.84 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 6784.78 manat məbləğində kredit bоrcu, 449.77 manat məbləğində faiz bоrcu və 49.44 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7283.99 manat məbləğində bоrc və 92.84 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-5749/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5749/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver