Məhkəmə qərarları › İş №e-2(008)-5763/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5763/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5763/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli MFNPU-08311 №-li kredit müqaviləsi üzrə əsas borcuna görə 4115,46 manat, faiz borcuna görə 165,53 manat, dəbbə borcuna görə 244,68 manat, cəmi 4525,67 manat məbləğində pulun və 65,26 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MFNPU-08311 №-li kredit müqaviləsinə əsasən illik 14% dərəcəsi olmaqla 36 ay müddətinə 6000 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcalan kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunmuş maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4115,46 manat, faiz borcuna görə 165,53 manat, dəbbə borcuna görə 244,68 manat, cəmi 4525,67 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MFNPU-08311 №-li kredit müqaviləsinə əsasən illik 14% dərəcəsi olmaqla 36 ay müddətinə 6000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin gün həmin məbləğ cavabdehin hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borcu 4115,46 manat, faiz borcu 165,53 manat, dəbbə borcuna görə 244,68 manat, ümumilikdə borcu 4525,67 manat təşkil edir. Hazırda iddiaçı cavabdehdən 4525,67 manat məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. İş materiallarında olan bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından cavabdehlər tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin buna baxmayaraq cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmişdir. Lakin, məhkəmə hesab edir ki, 165,53 manat faiz borcuna nisbətdə 244,68 manat dəbbə borcuna tənasübsüz surətdə yüksəkdir və iddia dəbbə pulunun tutulması hissəsində qismən təmin edilməklə, 25 manat dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və X2 xx.xx.2022-ci il tarixli MFNPU- 08311 №-li kredit müqaviləsi üzrə əsas borcuna görə 4115,46 manat, faiz borcuna görə 165,53 manat, 25 manat dəbbə pulu, cəmi 4305,99 manat məbləğində pul və 65,26 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X2 xx.xx.2022-ci il tarixli MFNPU-08311 №-li kredit müqaviləsi üzrə əsas borcuna görə 4115,46 manat, faiz borcuna görə 165,53 manat, 25 manat dəbbə pulu, cəmi 4305,99 manat məbləğində pul və 65,26 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar