Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6242/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X4, iddiaçı "X5" ASC-nin Cavabdeh qarşı "895,59 manat əsas, 12,84 manat faiz olmaqla cəmi 908,43 manat borcun və 30,4 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "X5" ASC Cavabdeh qarşı "895,59 manat əsas, 12,84 manat faiz olmaqla cəmi 908,43 manat borcun və 30,4 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, "X5" ASC ilə X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya 84 ay müddətinə, illik 30% ödəmək şərti ilə 100 manat məbləğində kredit xətti açılmış və sonradan kredit müqaviləsinin 4.2.16-cı maddəsinə əsasən kredit limiti birtərəfli qaydada artırılaraq 1000 manat edilmişdir. Borclu xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. X1 vəfat etdiyi müəyyən olunduğundan miras qalmış əmlaka dair vərəsəlik işi haqqında məlumatın verilməsi üçün 4 saylı Bakı "Asan xidmət" mərkəzinə müraciət olunmuş və Cavabdeh ərizəsi əsasında ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Cavabdeh borclunun vərəsəlik hüquqlarına sahib olduğu üçün eyni zamanda onun öhdəliklərinidə yerinə yetirməyə borcludur. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, iddiaçı "X5" ASC və X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 7295sNAR/18 nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, borcluya 84 ay müddətinə illik 30 % ödəmək şərtilə 100 manat kredit limiti təyin edilmişdir. Bank bu müqavilə üzrə kredit limiti heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. İşdə olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu X1 iddiaçı "X5" ASC-yə 7295sNAR/18 nömrəli "Kredit müqaviləsi" üzrə 895,59 manat əsas, 12,84 manat faiz olmaqla cəmi 908,43 manat borcu vardır. İşdə olan, AZ-İİ 125200 nömrəli xx.xx.2020-ci il tarixli "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı "Asan xidmət" məzkəzi notariat ofisinin xx.xx.2023-cü il tarixli 113 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələrinə - Cavabdeh və X3 xx.xx.2021-ci il tarixdə 2V-405, 406 reyestr nömrəli vərəsəlik şəhadətnamələri verilmişdir. İşdə olan "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə görə, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Müəyyən edilir ki, cavabdehin iddiaçıya əsas borcu 895,59 manat, faiz borcu 12,84 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla cəmi 30,4 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 895,59 manat əsas borc, 12,84 manat faiz borcu, 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı cəmi 938,83 manat məbləğində pul alınaraq iddiaçı "X5" ASC-yə ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. X9.
Məhkəmə qərarları › İş №e-2(008)-6242/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6242/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver