Məhkəmə qərarları › İş №e-2(008)-6253/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6253/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6253/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı «Unibank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcun qaytarılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Unibank” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcun qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-vərəsələr Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1585,66 manat əsas, 20,17 manat faiz borcu olmaqla, cəmi 1605,83 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 36.06 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kreditor "xxxx" KB ASC ilə borclu X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 30% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X2 vəfat etdiyi müəyyən olduğundan tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə məktubla müraciət olunmuşdur. Bakı şəhəri 14 saylı notariat ofisinə məktub ilə X2 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsələr Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X5 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 29 avqust 2023, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 1585,66 manat əsas, 20,17 manat faiz borcu olmaqla, cəmi 1605,83 manat borcu yaranmışdır. Bakı səhəri 14 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırılan işlə bağlı cavabdeh-vərəsələr Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X5-mərhum X2 mirasqalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olublar. Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdehvərəsələr Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X5 borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, «X6» ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasını iddiaçının nümayəndəsinin iştirak olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2014cü il tarixli 5120tkCNTR/14 saylı krediti müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 84 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2014-cü il tarixli, 5120tkCNTR/14 saylı müqaviləyə əsasən borcu, 1585.66 manat məbləğində əsas borc, 20.17 manat məbləğində faiz borcu olmaqla, cəmi 1605.83 manat təşkil edir. 1 saylı Bakı “ASAN Xidmət” X1 AZ İ seriyalı, 939632 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. xx.xx.2018-ci il tarixdə 658 nömrəsi ilə ölüm haqqında akt qeydi edilmişdir. - Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1377 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsələri xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2005ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1195-ci il təvəllüdlü Cavabdeh4 adına xx.xx.2018-ci il tarixdə 2V-180 reyestr nömrəsi ilə qeydiyyata alınaraq qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. -Məktubun çatdırılmasına dair qəbzin surətindən görünür ki, сavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2014-cü il tarixli, 5120tkCNTR/14 saylı krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 36.06 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə X4 arasında xx.xx.2014-cü il tarixində 84 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan X4 müqavilənin icra müddəti bitməmiş və öhdəlik tam olaraq icra olunmadan xx.xx.2018-ci il tarixində vəfat etmişdir və qanuni üzrə vərəsəliyi isə hazırki cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinin tələbindəndə göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğu halda cavabdeh miras qoyanın aktivlərini qəbul etmiş olduğu halda, passivləri üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyindən, iddiaçının hazırdakı cavabdehlərdən miras qoyanın ona olan borcunu tələb etmək hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2014-cü il tarixli 5120tkCNTR/14 saylı kredit müqaviləsinə əsasən 1585.66 (min beş yüz səksən beş manat, altmış altı qəpik) manat məbləğində əsas borc, 20.17 (iyirmi manat, on yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1605.83 (min altı yüz beş manat, səksən üç qəpik) manat borcun tutularaq iddiaçı “Unibank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36.06 (otuz altı manat, altı qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1585.66 (bir min beş yüz səksən beş manat, altmış altı qəpik) manat məbləğində əsas borc və 20.17 (iyirmi manat, on yeddi qəpik) manat məbləğində faiz borcu, cəmi 1605.83 (bir min altı yüz beş manat, səksən üç qəpik) manat borcun və 36.06 (otuz altı manat, altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı «Unibank” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar