Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6269/2025 05.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyev Həsənəli Qədir oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********11 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 3968.41 manat əsas borc məbləğinin, ödənilmiş 59.68 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Əliyev Həsənəli Qədir oğlu arasında xx.xx.2023-cü il tarixli, BPM**********11 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əliyev Həsənəli Qədir oğluna 45 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 430130 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Əliyev Həsənəli Qədir oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 1909 saylı məktubuna əsasən Əliyev Həsənəli Qədir oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə xx.xx.2025-ci il tarixli 2V-61 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Əliyev Həsənəli Qədir oğlunun xx.xx.2025-ci ilədək kredit üzrə Banka ödənilməmiş 3968.41 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum Əliyev Həsənəli Qədir oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində 6-2- 22/2-28578/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, xəstə olduğunu, hazırda işləyəninin olmadığını bildirmişdir. Banka müraciət etmiş, ancaq məhkəmə qətnaməsinin çıxmağını gözlədiklərini demişlər. Borca etirazı yoxdur, əri əməliyyat olduğu üçün həmin borcu götürmüşdü, 1 il ödədi, sonra öldü, həmişə vaxtında ödəyirdi. “Mercedes Benz” markalı maşın özünün yox, qardaşının idi. Mənzil isə qeyd edilən mənzildir. Borcu aşağı etsələr, ödəyəcəkdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 59.68 manat dövlət rüsumu ödənilmişdir. - "xxxx" ASC ilə Əliyev Həsənəli Qədir oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********11 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Əliyev Həsənəli Qədir oğluna 45 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Əliyev Həsənəli Qədir oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - ödəniş cədvəlindən görünür ki, Əliyev Həsənəli Qədir oğlu xx.xx.2023-cü il tarixdən 45 ay müddətində hər ay banka 169.55 manat (sonuncu ay 169.29 manat) ödəməli idi. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Əliyev Həsənəli Qədir oğlunun xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 3968.41 manat əsas borcu vardır. - "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Əliyev Həsənəli Qədir oğlunun banka olan borcunun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - AZ-İİ seriyalı 430130 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Həsənəli Qədir oğlu xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - xx.xx.2025-ci il tarixli 2V-60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Əliyev Həsənəli Qədir oğlunun vərəsəsi Cavabdehdır və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev 35, mənzil 31-dən ibarətdir. - xx.xx.2025-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Əliyev Həsənəli Qədir oğlunun vərəsəsi Cavabdehdır və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Mercedes Benz C200 minik markalı, **-KL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Əliyev Həsənəli Qədir oğlu arasında xx.xx.2023-cü il tarixli BPM**********11 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Əliyev Həsənəli Qədir oğluna 45 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Əliyev Həsənəli Qədir oğlu krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Əliyev Həsənəli Qədir oğlu xx.xx.2024-cü il tarixdə ölmüş və sonuncudan qalmış miras əmlaka dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş borcu Əliyev Həsənəli Qədir oğlunun vərəsəsi – hazırkı iş üzrə Cavabdeh qızından tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Əliyev Həsənəli Qədir oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X1 Qədir oğlu xx.xx.2024-cü il tarixdə ölmüş, bu səbəbdən kredit öhdəlikləri icra edilməmişdir. Əliyev Həsənəli Qədir oğlunun kreditoru olan iddiaçı qarşısında onun vərəsəsi - Cavabdeh məsuliyyət daşıdığından, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini vərəsədən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********11 nömrəli kredit müqaviləsi üzrə 3968.41 manat borc, 59.68 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********11 nömrəli kredit müqaviləsi üzrə 3968.41 manat borc, 59.68 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-6269/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6269/2025
05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver