Məhkəmə qərarları › İş №e-2(008)-6288/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6288/2023

06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6288/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 4260,08 manat və 63,01 manat ödənilmiş dövlət rüsumu əvəzinin, 400 manat vəkil xərci, ümumilikdə 4723,09 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh Hadi oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli AKX-0003253/05- 2018 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-6 markalı 1802AZ**********80 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2016cüı il tarixli ******* saylı akt əsasında 170.9 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147.2 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4318.1 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 4260.08 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, xx.xx.2023-cü il tarixli akt üzrə borc hesablanarkən yalnız 4 gözlü qaz plitəsi üzrə ziyan hesablanıb, çünki istehlakçı ilə müqavilədə yalnız 4 gözlü qaz pilətəsinin istifadə nəzərdə tuutlub. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, **********00010 abonent kodu olan Cavabdeh 2023-cü ilin mart ayına 4147,20 manat məbləğində borc hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı aktların surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyriqanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Lakin, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Tərtib edilmiş aktlar üzrə ona cəmi 4260.08 manat ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə yuxarıda göstərilənləri, işin hallarını və toplanmış sübutlar üzrə tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən qazdan qanunsuz istifadə faktı yerli baxış zamanı müəyyən olunmasa da, gazrep və saldo üzrə onun tərəfindən qazdan istifadəyə görə çox cüzi ödənişlər edilməsi, bəzən isə ümumiyyətlə edilməməsi onun qazdan qanunsuz istifadə etməsinə dəlalət edir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmiş və əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ziyanın həcminin hesablanması qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin hesabatın hansı səbəbdən 24 saat aparılması göstərilməmişdir. Cavabdeh tərəfindən yalnız 4 gözlü qaz plitəsinin istifadəsi nəzərdə tutulmuşdur ki, 4 gözlü qaz plitəsinin evdə 24 saat istifadəsi ağılasığmazdır. Belə ki, onun təyinatı yemək bişirilməsidir və təxmini hesablamaya görə bu adətən 4 saatdan çox olmur. Məhkəmə hesab edir ki, qaz sərfinin iş rejimi 24 saat yox, 4 saat qəbul edilməklə aşağıdakı formada hesablanaraq tutulmalıdır. 1.4x4x360=5760 m3 Beləliklə orta qazdan istifadənin günlük iş rejimi 4 saat hesablanmaqla ziyanın həcmi 5760 m3, yəni 691.2 manat təşkil edir. Tərtib olunmuş digər akt üzrə hesablanmış 170.9 manatla toplandıqda cavabdehin cəmi borcu 862.1 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun yarısının yəni 30 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbində qeyd olunan 400 manat vəkil xərcinə gəldikdə isə, məhkəmə qeyd edir ki, həmin pulun vəkilə ödənilməsinə dair iş materiallarında sübutedici sənəd yoxdur və bu səbəbdən də tələb həmin hissədə təmin olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 862,10 manat dəymiş maddi zərərin əvəzi və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 892 (səkkiz yüz doxsan iki) manat, 10 (on) qəpik məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar