Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6347/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4.610,56 manat əsas borc, 649,42 manat faiz borcu olmaqla, cəmi 5.259,98 manat borcun, xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləsinə əsasən 2.025,7 manat əsas borc, 460,3 manat faiz borcu olmaqla, cəmi 2.486 manat borcun, ümumilikdə 7.745,98 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 97,46 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli GTZK8673150A299 saylı Kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Daha dəqiq, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB8673151A299 saylı Kredit müqaviləsinə əsasənona 58 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Daha dəqiq, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTZK8673150A299 saylı kredit müqaviləsinə əsasən 4610.56 manat əsas; 649.42 manat faiz; cəmi 5259.98 manat borcu, xx.xx.2022-ci il tarixli BRCB8673151A299 saylı kredit kartına dair müqaviləyə əsasən 2025.7 manat əsas; 460.3 manat faiz; cəmi 2486 manat olmaqla, ümumilikdə 7745.98 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bununla belə, məhkəməyə ərizə ünvanlayaraq, səhhəti, ailə vəziyyəti və işi əlaqədar məhkəmə iclasının iştrakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və ona əlavədən görünür ki, kreditor həmin müqavilənin şərtlərinə uyğun olaraq, borcalana 35 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə ödənilməsi şərtilə, 5000 manat məbləğində kredit verilməsini, borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit kartı müqaviləsinə əsasən, İddiaçı ASC Cavabdeh xx.xx.2025-ci il tarixədək, qeyri-taksit əməliyyatları üzrə illik 27% dərəcəsi ilə ümumilikdə 15.000 manat həddində kredit xətti ayırmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASCyə 4.610,56 manat əsas borc, 649,42 manat faiz borcu olmaqla, cəmi 5.259,98 manat borcu, xx.xx.2022-ci il tarixli kredit kartı müqaviləsinə əsasən 2.025,7 manat əsas borc, 460,3 manat faiz borcu olmaqla, cəmi 2.486 manat, ümumilikdə isə, 7745,98 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə İddiaçı ASC tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddia təmin edilərək, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 4.610,56 manat əsas əsas borc, 649,42 manat faiz borcu olmaqla, cəmi 5.259,98 manat, xx.xx.2022-ci il tarixli kredit kartı müqaviləsinə əsasən 2.025,7 manat əsas borc, 460,3 manat faiz borcu olmaqla, cəmi 2.486 manat, ümumilikdə 7.745,98 manat məbləğində borc cavabdehdən tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı tələblə müraciət edilməsi üçün 97,46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 97,46 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 4.610,56 manat əsas borc, 649,42 manat faiz borcu olmaqla, cəmi 5.259,98 manat borc, xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləsinə əsasən 2.025,7 manat əsas borc, 460,3 manat faiz borcu olmaqla, cəmi 2.486 manat borcun, ümumilikdə 7.745,98 (yeddi min yeddi yüz qırx beş manat, doxsan səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 97,46 (doxsan yeddi manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-6347/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6347/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver