Məhkəmə qərarları › İş №e-2(008)-6378/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6378/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6378/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 A/00029 saylı Kredit müqaviləsi üzrə 5054 manat əsas, 863 manat faiz, 685 manat cərimə, ümumilikdə 6602 (altı min altı yüz iki) manat məbləğində borcun, həmçinin məhkəmə üçün ödənilmiş 86.02 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, KREDİT SERVİS BOKT” MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə A/00029 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, Kreditor ümumi məbləği 5000 (beş min) manat olan borc pulu 24 ay müddətinə kredit alana verir. Müqavilənin 2.2-ci bəndinə əsasən, Borclu bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq krediti Kreditora qaytarmağı öz öhdəsinə götürmüşdür. Bundan başqa, Kredit müqaviləsinin təminatı kimi "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə A/00029 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, zamin Cavabdeh2 A/00029 saylı Kredit müqaviləsi üzrə borcunun öhdəliklərini tam icra etməsi üçün Kreditor qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu Kreditor qarşısında öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin Kreditor qarşısında Borclu ilə birgə məsuliyyət daşıyır. Müqavilələr bağlanan andan Cavabdeh1 və Cavabdeh2 üzərilərinə götürdüyü öhdəliyin məsuliyyəti onlara izah edilmişdir. Məsuliyyətin izah edilməsinə baxmayaraq, borclu krediti götürdüyü tarixdən etibarən aylıq verməli olduğu kredit borcunda müəyyən gecikmələr olmuşdur. Tərəflərindən cavabdehlərlə ilə əlaqə saxlamağımıza baxmayaraq, bu günə qədər cavabdehlər tərəfindən kredit borcu ödənilməmişdir. Borclunun "xxxx" MMC-yə cari dövrdə kredit müqaviləsi öhdəlikləri üzrə xx.xx.2024-cü il tarixinə 5054 manat əsas, 863 manat faiz, 685 manat cərimə, ümumilikdə 6602 (altı min altı yüz iki) manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, sözügedən pul məbləğini götürərək işlədiyi obyekti təmir etdirmiş, sonradan obyekt sahibi onları ordan çıxartmışdır. Bundan sonra o aybaay banka 50 manat ödəniş etsədə, bank ona ödənişlər üzrə çek vermədiyindən o ödənişi dayandırmışdır İddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə yazaraq mülki işin baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 isə məhkəmə iclasına gələməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və Cavabdeh2oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatalarını dinləyərək, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixdə A/00029 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı borcalana illik 21,76% faizlə 24 ay müddətinə 5000 (beş min) manat kredit verilmiş və kreditin aylıq 300.56 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. - Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə A/00029 zaminlik müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə A/00029 saylı əlavə kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 5054 (beş min əlli dörd) manat məbləğində əsas borcu, 863 (səkkiz yüz altmış üç) manat məbləğində faiz borcu, 685 (altı yüz səksən beş) manat cərimə borcu olmaqla, cəmi 6602 (altı min altı yüz iki) manat təşkil edir. -Bildirişin surətindən görünür ki, сavabdehlər xx.xx.2021-ci il tarixli krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmi şqəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 86,02 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə iddiaçı öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq cavadehlər tərəfindən müqavilə üzrə öhdəliklərinin icra etməmişdir. Zamin Cavabdeh2 borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Bundan başqa məhkəmə iddia tələbi üzrə cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən əsas borca münasibətdə cərimə borcu hesablanarkən tənasüblülük gözlənilməmiş olduğundan iddia tələbi cərimə borcu hissəsində azaldılaraq 100 manat müəyyən edilməsi daha ədalətli olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5054 (beş min əlli dörd) manat məbləğində əsas borcu, 863 (səkkiz yüz altmış üç) manat məbləğində faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 6017 (altı min on yeddi) manat borcun və 80,17 (səksən manat, on yeddi qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı “Kredit Servis Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 80,17 (səksən manat, on yeddi qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5054 (beş min əlli dörd) manat məbləğində əsas borcu, 863 (səkkiz yüz altmış üç) manat məbləğində faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 6017 (altı min on yeddi) manat borcun və 80,17 (səksən manat, on yeddi qəpik) manat dövlət rüsumunun dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar