Məhkəmə qərarları › İş №e-2(008)-6426/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6426/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6426/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Nağıyeva Züfiyyə Adil qızına qarşı “ kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Nağıyeva Züfiyyə Adil qızına qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nağıyeva Züfiyyə Adil qızından 4173.26 manat məbləğində əsas borc, 189.72 manat məbləğində faiz borcu, 487.94 manat məbləğində cərimə borcu olmaqla cəmi 4850.92 manat məbləğində pulun, 68.50 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Avrasiya” ASC ilə Cavabdeh arasında imzalanmış 22 noyabr 2021-ci il tarixli, BİR-216-2021 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə illik 16 % hesablanmaqla, 36 ay müddətinə qaytarılmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. 22 noyabr 2021-ci il tarixli, BİR-216-2021 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 246,10 manat təşkil edir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredi müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 22 noyabr 2021-ci il tarixli, BİR-216-2021 saylı Kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə 19 may 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, borcunu 3 (üç) gün müddətində ödəməsi tələb edilmiş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin xəbərdarlıq göndərilməsinə baxmayaraq hazırki günə qədər cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmaqdadır. xx.xx.2023-cü il tarixinə hesablanmaqla cavabdehin “Bank” qarşısında ümumilikdə 4850,92 (dörd min səkkiz yüz əlli manat 92 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 4173,26 (dörd min bir yüz yetmiş üç manat 26 qəpik) manat əsas borcu, 189,72 (bir yüz səksən doqquz manat 72 qəpik) manat faiz borcunu, 487,94 (dörd yüz səksən yeddi manat 94 qəpik) manat isə cərimə borcunu ehtiva edir.. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçı ilə arasında kredit müqaviləsinin bağlandığını bildirmiş, lakin iddia tələbinin təmin edilməməsini, əvvəlki qaydada ödəniş etmək istədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Nağıyeva Züfiyyə Adil qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BİR-216-2021 saylı kredit müqaviləsinə əsasən, Bank Borcalana 36 ay müddətinə, 16 faizdən ödəmək şərti ilə 7000 manatlıq kredit vermişdir. - Maliyyə arayışından görünür ki, Nağıyeva Züfiyyə Adil qızının kredit müqaviləsi üzrə 4173.26 manat məbləğində əsas borcu, 189.72 manat məbləğində faiz borcu, 487.94 manat cərimə borcu olmaqla, cəmi 4850.92 manat təşkil edir. -İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 68.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsivə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilirki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu tələb etdiyindən, iddia tələbi həmin hissədə təmin ödənilməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh Nağıyeva Züfiyyə Adil qızı tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçının ləğv prosesində olan iddiaçının iddiasının 487.94 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə məbləği təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Nağıyeva Züfiyyə Adil qızından 4173.26 (dörd min yüz yetmiş üç manat, iyirmi altı qəpik) manat məbləğində əsas borc, 189.72 (yüz səksən doqquz manat, yetmiş iki qəpik) manat məbləğində faiz borc, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 4462.98 (dörd min dörd yüz altmış iki manat, doxsan səkkiz qəpik) manat borc pulun və 64.63 (altmış dörd manat, altmış üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar