Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6428/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “borc tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onlardan 1916,39 manat əsas, 429,00 manat faiz, 20,41 manat cərimə borcu olmaqla, cəmi 2365,80 manat məbləğində borcun və 43,66 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1787 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 manat olmaqla bərabər ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2023cü il tarixli **********1787-749129 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürüb. Kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuş, lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticə də, onun təşkilat qarşısında xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, 1916,39 manat əsas borc, 429,00 manat faiz borcu, 20,41 manat cərimə olmaqla, cəmi 2365,80 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı MM QBKT öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlər Cavabdeh2, Cavabdeh1 rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddianın qiyməti 2365,80 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 43,66 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 28% ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********1787-749129 saylı zaminlik müqaviləsi ilə kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. İşin araşdırılan hallarından görünür ki, Cavabdeh2 İddiaçı MM QBKT ilə aralarında bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1916,39 manat əsas, 429,00 manat faiz, 20,41 manat cərimə borcu olmaqla, cəmi 2365,80 manat borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı MM QBKT Cavabdeh2, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyin yerinə yetirilməsi barədə təklif göndərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında kredit müqaviləsi, digər Cavabdeh1 arasında isə zaminlik müqaviləsi bağlanmaqla, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edirəm ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MM QBKT-nin xeyrinə 1916,39 manat əsas, 429,00 manat faiz, 20,41 manat cərimə borcu olmaqla, cəmi 2365,80 manat borc və 43,66 manat dövlət rüsumu müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı MM QBKT-nin xeyrinə 1916,39 manat əsas, 429,00 manat faiz, 20,41 manat cərimə borcu olmaqla, cəmi 2365,80 (iki min üç yüz altmış beş manat səksən qəpik) manat məbləğində borc və 43,66 (qırx üç manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-6428/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6428/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver