Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-658/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4.654.14 (dörd min altı yüz əlli dörd manat 14 qəpik) manat - bundan 2.462,28 (iki min dörd yüz altmış iki manat 28 qəpik) manat əsas, 881.91 (səkkiz yüz səksən bir manat 91 qəpik) manat faiz, 962.81 (doqquz yüz altmış iki manat 81 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 347.14 (üç yüz qırx yeddi manat 14 qəpik) manat faiz borcunun, iş üzrə ödənilmiş 66.55 (altmış altı manat 55 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 170007983/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən kreditorun borcalana 8.900 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 7.955,70 ABŞ dolları təşkil etmişdir. Kreditin son ödəmə müddəti xx.xx.2018-ci il tarixinədək təyin olunmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 6.518,11 ABŞ dolları təşkil edən qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1USD=1.4 AZN) 9.125,35 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 4.654,14 (dörd min altı yüz əlli dörd manat 14 qəpik) manat təşkil edir. Bundan 2.462,28 (iki min dörd yüz altmış iki manat 28 qəpik) manat əsas, 881.91 (səkkiz yüz səksən bir manat 91 qəpik) manat faiz, 962.81 (doqquz yüz altmış iki manat 81 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 347.14 (üç yüz qırx yeddi manat 14 qəpik) manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etdi və izahatında bildirdi ki, banka borcu var, ekspert rəyində göstərilən məbləğdə əsas borc ilə razıdır. Göstərilənlərə əsasən iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh2 izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 66.55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 22% olmaqla, 36 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. -xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 8900 ABŞ dolları məbləğində pulu İddiaçı ASC-dən təhvil almışdır. -ödəniş cədvəlidən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdən 36 ay müddətində hər ay banka 339.94 ABŞ dolları (sonuncu ay 339.70 ABŞ dolları) ödəməli idi. -İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 170007983/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, sonuncu İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. -xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7955.7 ABŞ dolları təşkil edir, kreditin son ödəmə müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. -ödəniş cədvəlidən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdən 41 ay müddətində hər ay banka müvafiq olaraq 279.45 / 273.5 / 234.44 ABŞ dolları (sonuncu ay 234.46 ABŞ dolları) ödəməli idi. -xx.xx.2015-ci il tarixli 170007983/ZM nömrəli zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7955.7 ABŞ dolları təşkil edir, kreditin son ödəmə müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. -xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 6518.11 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə (1 ABŞ dolları = 1.4 AZN) 9125.35 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. -ödəniş cədvəlidən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixdən 52 ay müddətində hər ay banka 210.15 manat (sonuncu ay 209.87 manat) ödəməli idi. -xx.xx.2015-ci il tarixli 170007983/ZM nömrəli zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 6518.11 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə (1 ABŞ dolları = 1.4 AZN) 9125.35 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə banka 2462.28 manat əsas, 881.91 manat faiz, 962.81 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 347.14 manat faiz, cəmi 4654.14 manat məbləğində borcu yaranmışdır. -xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışlar. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/10371 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 xx.xx.2024-cü il tarixinə (sual üzrə tarixə) LPO İddiaçı ASC-nə olan borcu 3579.65 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 2242.31 manat; faiz borcu üzrə 1337.34 manat. Qeyd edilir ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən, Cavabdeh2 cərimə borcu hesablanmadı. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdehə 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan kredit öhdəliyinin qalığı konvertasiya edilməklə, (1 ABŞ dolları = 1.4 AZN) 9125.35 AZN təşkil etmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 İddiaçı ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin əsas borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borcun məbləği 2462.28 manat, faiz borcunun məbləği 881.91 manat göstərilmişdir. Məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/10371 saylı rəyindən isə görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə əsas borcu 2242.31 manat, faiz borcu 1337.34 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan əsas borc məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/10371 saylı rəyində göstərilmiş qaydada, əsas borc 2242.31 manat müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Həmçinin, cavabdehdən 881.91 manat faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 347.14 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 962.81 manat məbləğində cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və cərimə (dəbbə pulu) azaldılaraq 112.11 manat məbləğində müəyyən olunmalı, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Məhkəmə, iddia tələbini zaminə münasibətdə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən və zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə (əsas kredit müqaviləsinin müddəti) başa çatdığı gündən bir il ərzində kreditor Cavabdeh1 qarşı iddia irəli sürmədiyindən, qanunvericiliyin tələbinə əsasən zaminliyə - Cavabdeh1 kreditor qarşısında öhdəliyinə хitam verilmişdir. Odur ki, kredit borcunun Cavabdeh1 tutulmasına dair tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 2242.31 manat məbləğində əsas borc, 881.91 manat məbləğində faiz borcu, 112.11 manat məbləğində cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 347.14 manat məbləğində faiz borcu olmaqla, cəmi 3583.47 manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə, Cavabdeh2 55.83 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, həmçinin, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 2242.31 manat məbləğində əsas borc, 881.91 manat məbləğində faiz borcu, 112.11 manat məbləğində cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 347.14 manat məbləğində faiz borcu olmaqla, cəmi 3583.47 manat məbləğində pul vəsaiti və 55.83 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İddia tələbi Cavabdeh1 dair hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-658/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-658/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver