Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-662/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "Azəriqaz" İB-yə vurulmuş 6842,88 manat məbləğində zərərin, debitor borc 13482,60 manat və 150,82 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 20422,30 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci ildə ASX-1/0140 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"si imzalanmış və həmin Müqavilə əsasında "Azəriqaz" İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00130 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və "X2"nın tələblərinə əməl etmək) və "X2"nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən "Təbii X2nın pozulması haqqında" aktlar tərtib edilmişdir. Cavabdeh yuxarıda qeyd edilən təqsirli hərəkətləri nəticəsində Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 6842,88 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan başqa cavabdehin ödənilməmiş 2018-ci ilin dekabr ayı üzrə 0,20 manat sərfiyyat borcu, 2019-cu ilin fevral-dekabr ayları üzrə 5271,60 manat sərfiyyat borcu, 2020-ci ilin yanvar-dekabr ayları üzrə 4961,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-aprel ayları üzrə 3635,40 sərfiyyat borcu, cəmi 13868,60 manat sərfiyyat borcu qalmışdır. 2018-ci ilin dekabr ayından 2024-cü ilin mart ayına qədər cavabdeh 440 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli olan borc məbləği hazırda abonentin saldo üzrə ümumi 20271,48 manat təşkil etməkdədir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı "Azəriqaz" İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək, bildirmişdir ki, 20271 manat borc təşkil edir, ondan 6842 manat akt üzrə yazılmışdır, qalan hissə isə sərfiyyat borcuna aiddir. Əlavə olaraq qeyd etmişdir ki, aidiyyatı üzrə polisə müraciət olunmayıb. İddia tələbini müdafiə edib və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki 13000 manat öz borcudur, 2018-ci ildən 2021-ci ilədək parnik əkmişdi. Həmçinin bildirmiş ki, 2024-cü ilin yanvar ayında VÖEN bağlatdırmış və ziyan etdiyinə görə hal hazırda həmin işlə məşğul deyil. Akt ilə razı deyildir. Qeyd edib ki, qonşuda istixana var, lakin həmin istixanasının ona aidiyyatı yoxdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci ildə ASX-1/0140 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"nin 1-ci maddəsinə əsasən, paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. - "Təbii X2nın pozulması haqqında" xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir, dəymiş ziyan hesablanmalı və ödənilməlidir. - "Abonentin saldosu"ndan görünür ki, Cavabdeh 2018-ci ilin dekabr ayı üzrə 0,20 manat sərfiyyat borcu, 2019-cu ilin fevral-dekabr ayları üzrə 5271,60 manat sərfiyyat borcu, 2020-ci ilin yanvar-dekabr ayları üzrə 4961,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-aprel ayları üzrə 3635,40 sərfiyyat borcu, cəmi 13868,60 manat ümumi borcu olduğu, 440 manat ödəniş edildikdən sonra 13468,60 manat təşkil edir. Məhkəmə ilk öncə sərfiyyat borcuna münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. "Qaz təchizatı haqqında" Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, cavabdehin təbii qazdan istifadəyə görə borcu 13428,60 manat təşkil edir və həmin məbləği iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin 6842,88 manat məbləğində zərərin ödənilməsi hissəsinə dair münasibət bildirərək aşağıdakıları qeyd edir. "Qaz təchizatı haqqında" qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "Azəriqaz" İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə 150,82 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 20422,30 manat məbləğində iddianın 13428,60 manat hissəsi (65,75 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 65,75 faizi, yəni 99,16 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 51,66 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehdən 13428,60 manat məbləğində sərfiyyat borcu, 99,16 manat dövlət rüsumu, cəmi 13527,76 manat məbləğində pul vəsaiti tutularaq "Azəriqaz" İB-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 51,66 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-662/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-662/2025
22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver