Məhkəmə qərarları › İş №e-2(008)-6623/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6623/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6623/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan 991 ABŞ dolları əsas borc, 1229 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2220 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-9616/2018 saylı, 10.12.2018-ci il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 991 ABŞ dolları əsas borc, 1229 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2220 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh2 məhkəmə əmrinə etiraz verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-9616/2018 saylı, 10.12.2018-ci il tarixli məhkəmə əmrinin ləğv edilərək, iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6623/2021 saylı, 15.07.2021-ci il tarixli qərardadı ilə etiraz təmin edilərək, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, iddiaçı Ləğv prosesində olan “Atrabank" ASC-nin “Təbriz” filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2015-ci il tarixli, İKM 131 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 12 ay müddətinə illik 30% dərəcəsi ilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinin 1 saylı əlavəsinə əsasən, borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsini gecikdirmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 13.03.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin bank qarşısında borcalanın öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda Cavabdeh1 kredit müqaviləsi üzrə banka borcu - 991 ABŞ dolları əsas borc, 1229 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2220 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Bütün bu hərəkətləri ilə cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuşdur. O, qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “borcverən” İddiaçı ASC-nin “Təbriz” filialı ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış 13.03.2015-ci il tarixli, İK 131 saylı kredit müqaviləsinə əsasən, borcalana 12 ay müddətinə illik 30% dərəcəsi ilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinin 1 saylı əlavəsinə əsasən, borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.03.2015-ci il tarixli, İKM 131 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh1 13.04.2015-ci il tarixdən 13.03.2016-cı il tarixədək qeyd olunan kredit müqaviləsi üzrə banka cəmi 2222.70 ABŞ dolları məbləğində ödəniş etməlidir. İş materiallarında olan “borcverən” İddiaçı ASC-nin “Təbriz” filialı ilə “zamin” Cavabdeh2 arasında bağlanmış 13.03.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 bank qarşısında borcalan Cavabdeh1 öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 02.11.2018-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, 13.03.2015-ci il tarixli, İKM 131 saylı kredit müqaviləsinə əsasən, cavabdehin borcu - 30.10.2015-ci il tarixə 991 ABŞ dolları əsas borc, müqavilənin bitdiyi 13.03.2016-cı il tarixə 213 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 131 ABŞ dolları faiz borcu, 30.10.2018-ci il tarixə 1229 ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə yaranmış borcu dərhal ödənilməsi təklif olunmuş, əks təqdirdə borcun tutulması barədə müvafiq orqanlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, Cavabdeh2 arasında isə, zaminlik müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan və zamin müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlıvaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia 991 ABŞ dolları əsas borcun, müqavilənin müddətinin bitdiyi 13.03.2016-cı il tarixə hesablanmış 213 ABŞ dolları faiz borcunun və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 131 ABŞ dolları faiz borcunun tutulması hissələrində əsaslıdır və təmin edilməlidir. Lakin məhkəmə kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış 1229 ABŞ dolları faiz borcunun tutulması hissəsində iddia tələbi ilə razılaşmayaraq, həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Eyni zamanda, məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2015-ci il tarixli, İKM 131 saylı kredit müqaviləsinin icrası müddəti 13.03.2016-cı il tarixdə başa çatdığından və iddiaçı həmin müddətdən üç ilə yaxın vaxt keçdikdən sonra, daha dəqiqi, 10.12.2018-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, zamin Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddia qismən təmin edilərək, Cavabdeh1 991 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi 13.03.2016-cı il tarixə hesablanmış 213 ABŞ dolları faiz borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 131 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1335 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından müəyyən olunur ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. İddianın qismən təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehə edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 13.03.2015-ci il tarixli, İKM 131 saylı kredit müqaviləsi üzrə 991 (doqquz yüz doxsan bir) ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi 13.03.2016cı il tarixə hesablanmış 213 (iki yüz on üç) ABŞ dolları faiz borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 131 (yüz otuz bir) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1335 (min üç yüz otuz beş) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) pul vəsaiti və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilsin. İddia qalan hissədə, eləcə də Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar