Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6660/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli **********002 saylı “mikrokredit müqaviləsi” üzrə iddiaçının xeyrinə 600 manat əsas, 29.67 manat faiz, 87 manat komissiya və 303.33 manat cərimə olmaqla, cəmi 1020 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********002 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 600 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 600 manat, faiz borcu üzrə 29.67 manat, xidmət haqqına (komissiyaya) görə isə 87 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddianın qiyməti 1020 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyin yerinə yetirilməsi barədə təklif göndərmişdir. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə aralarında bağladığı xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 600 manat əsas, 29.67 manat faiz borcu, 87 manat komissiya, 303.33 manat cərimə borcu olmaqla, cəmi 1020 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh tərəfindən götürülmüş malın dəyərini və hesablanmış cərimənin götürülmüş malin dəyərinə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının 80 manatadək azaldılmasını mümkün hesab edirəm. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 600 manat əsas, 29,67 manat faiz borcu, 87 manat komissiya, 303.33 manat cərimə borcu 58,33 manata qədər azaldılaraq , cəmi 775 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli **********002 saylı “mikrokredit müqaviləsi” üzrə 600 manat əsas, 29.67 manat faiz, 87 manat komissiya, 58,33 manat cərimə borcu olmaqla, cəmi 775 (yeddi yüz yetmiş beş) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-6660/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6660/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver