Məhkəmə qərarları › İş №e-2(008)-6742/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6742/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6742/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 5664 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 1875.89 manat, faiz borcu 17.19 manat olmaqla cəmi 1893.08 (bir min səkkiz yüz doxsan üç manat səkkiz qəpik) manat məbləğində kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 38.94 (otuz səkkiz manat doxsan dörd qəpik) manat məbləğdə dövlət rüsumunun cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə cavabdeh - Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 5664 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə 23 (iyirmi üç faiz)% olmaqla 15000 (on beş min manat) AZN məbləğdə “dərzi avadanlığının alınması” məqsədi ilə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 5664 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 5664 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh – Cavabdeh2 xx.xx.2023-cü il tarixli 5664 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Cavabdeh - Cavabdeh1 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı - "xxxx" MMC tərəfindən cavabdehlərdə əfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh1 xx.xx.2023-cü il tarixli 5664 nömrəli Kredit Müqaviləsi üzrə kredit borcu xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən əsas borc üzrə 1875.89 AZN, faiz borcu 17.19 AZN olmaqla cəmi 1893.08 (bir min səkkiz yüz doxsan üç manat səkkiz qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanıb (bildiriş məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. İddia tələbinin həcminin azaldılması: İddiaçı BOKT MMC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 5664 nömrəli kredit müqaviləsi üzrə kredit borcu əsas borc üzrə 1875.89 manat, faiz borcu 17.19 manat olmaqla cəmi 1893.08 (bir min səkkiz yüz doxsan üç manat səkkiz qəpik) AZN məbləğində kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 38.94 (otuz səkkiz manat doxsan dörd qəpik) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaya etiraz: MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Mülki işin materialları: -İddiaçı "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 5664 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Borcverən borcalan Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə 23 (iyirmi üç faiz)% olmaqla 15000 (on beş min manat) AZN məbləğdə kredit verməyi, borcalan isə krediti qəbul edib bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli əsasında krediti və həmin kreditə hesablanmış faizləri borcverənə ödəməyi öhdəsinə götürmüşdür. -İddiaçı "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 5664 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin özünə məxsus bütün daşınar və daşınmaz əşyaları ilə birlikdə borcalanın BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öhdəsinə götürmüşdür. -İddiaçı "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcalan və zaminə ünvanlanmış 357/25 nömrəli pretenziya məktubundan görünür ki, borcalan və zamin 5 gün müddətinə öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan və zaminin xx.xx.2023-ci il tarixli, 5664 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1875,89 manat, faiz borcu üzrə 17,19 manat olmaqla, cəmi 1893,08 manat məbləğində borcu yaranmışdır; Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 741.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normaları əsasında qeyd edir ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında müqavilə əsasında əmələ gələn öhdəlik hüquq münasibətləri mövcuddur və müqaviləyə əsasən borcverən borcalan Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə 23 (iyirmi üç faiz)% olmaqla 15000 (on beş min manat) AZN məbləğdə kredit verməyi, borcalan isə krediti qəbul edib bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli əsasında krediti və həmin kreditə hesablanmış faizləri borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcverən öz öhdəliklərini lazımınca icra edərək şərtləşdirilmiş məbləğdə krediti cavabdehin mülkiyyətinə versə də, cavabdeh öz öhdəliklərini vicdanlılığın tələb etdiyi tərzdə, şərtləşdirilmiş vaxtda və öhdəliyin şərtlərinə uyğun həyata keçirməyərək, öhdəliyini lazımınca icra etməmişdir və nəticədə iddiaçıya ziyan dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və xx.xx.2023-cü il tarixli 5664 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 1875.89 manat, faiz borcu 17.19 manat olmaqla cəmi 1893.08 (bir min səkkiz yüz doxsan üç manat səkkiz qəpik) manat məbləğində kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 38.94 (otuz səkkiz manat doxsan dörd qəpik) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Məhkəmə xərcləri: Məhkəmə iddia tələbi təmin olunduğundan hesab edir ki, iddiaçının iddia qaldırmaq üçün ödədiyi 38,94 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 5664 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 1875.89 manat, faiz borcu 17.19 manat olmaqla cəmi 1893.08 (bir min səkkiz yüz doxsan üç manat səkkiz qəpik) manat məbləğində kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 38.94 (otuz səkkiz manat doxsan dörd qəpik) AZN məbləğdə dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar