Məhkəmə qərarları › İş №e-2(008)-683/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-683/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-683/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İsmayılova (Hüseynzadə) Nəzrin Ceyhun qızının iştirakları ilə, İddiaçı cavabdeh İsmayılova (Hüseynzadə) Nəzrin Ceyhun qızına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İsmayılova (Hüseynzadə) Nəzrin Ceyhun qızına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ona vurduğu 3150 (üç min yüz əlli) manat məbləğində maddi ziyanın, 51.50 (əlli bir manat əlli qəpik) manat məbləğində ödədiyi dövlət rüsumunun və 320 (üç yüz iyirmi) manat məbləğində vəkillə bağlanmış müqaviləyə görə ödədiyi qonorarın ondan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşı ilə birlikdə ona müraciət edərək bankdan kredit götürmək istədiklərini bildirmiş və onlara bankda zamin olmasını xahiş etmişlər. Ailəvi dostluq münasibətləri olduğuna görə onlara inandığından kredit götürmələri ilə bağlı onlara zamin olmağa razılıq vermişdir. 09 mart 2023-cü il tarixdə Cavabdeh "xxxx" QSC-dən kredit götürəcəyini deyib, ondan da zamin qismində müqavilə imzalamaq üçün həmin bankın “Babək” filialına gəlməyi xahiş etmişdir. Həmin gün o, cavabdehin xahişinə əsasən Bakı şəhəri Xətai rayonu, Babək prospekti 76C ünvanında yerləşən "xxxx" QSC-nin filialına gəlmiş və orada Cavabdeh xx.xx.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 8.000 (səkkiz min) manat kredit götürmüşdür. Həmin pulun ödənilməsinin təminatı olaraq o və cavabdehin həyat yoldaşı X3 zaminlik müqaviləsi imzalamışlar. Lakin müəyyən müddət keçdikdən sonra bankdan ona zənglər gəlməyə başlamış və məlum olmuşdur ki, Cavabdeh qismən ödənişlər etsə də, tam öhdəliklərini yerinə yetirmir. Dəfələrlə cavabdeh və onun həyat yoldaşından kredit borclarını tam olaraq ödəmələrini xahiş etsə də, onlar heç bir məhəl qoymadan borclarını ödəməkdən imtina etmişlər. Ona görə də artıq bank onu narahat etdiyindən, məcburiyyət qarşısında qalıb cavabdehin "xxxx" QSC-nə olan 3150 (üç min yüz əlli) manat qalıq borcunu banka ödəmişdir. Sonradan ödədiyi pulu onlardan tələb etsə də, pulunu geri qaytarmaqdan imtina edirlər. Bundan sonra isə ona vurulmuş maddi ziyanla bağlı cavabdehə qarşı mülki icraat qaydasında iddia irəli sürmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh İddiaçı vurduğu 3150 (üç min yüz əlli) manat məbləğində maddi ziyanın, 51.50 (əlli bir manat əlli qəpik) manat məbləğində ödədiyi dövlət rüsumunun və 320 (üç yüz iyirmi) manat məbləğində vəkillə bağlanmış müqaviləyə görə ödədiyi qonorarın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh İsmayılova (Hüseynzadə) Nəzrin Ceyhun qızı izahatında bildirmişdir ki, iddianı qəbul etmir, aybaay bölünsə o pulu ödəyə bilər, işləmir, iki uşağı var, ata-anası ona baxır, keçmiş əri Həsən onu döyərək bankdan pul götürməyə məcbur etmiş, Həsən və Kamran bankdan pulu özləri götürmüşlər. Ondan cəmi 900 manat evə pul verilib, qalanını onlar ikisi xərcləmişlər. Müqaviləni indiyədək mübahisələndirməmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X2 ərizə təqdim edərək bildirmişdir ki, o, İddiaçı həyat yoldaşıdır. İddiaçı işdə olduğu üçün 2500 manat və 650 manat pulu ona vermişdir ki, "xxxx" QSC-nə ödəsin. Həmin pul vəsaitini ödəniş etmək üçün ona Kamran təqdim etmişdir. O da Kamranın tapşırığı ilə həmin pulu banka ödəmişdir. Gələcəkdə 3150 manat pul vəsaiti ilə bağlı Kamrana və digər üçüncü şəxslərə qarşı iddiası və ya hər hansı tələbi olmayacaqdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" QSC (bank), İsmayılova (Hüseynzadə) Nəzrin Ceyhun qızı (kredit alan), İddiaçı (zamin) və X3 (zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002L**********68 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xəttini açır. Kreditlər ümumi şərtləri bu müqavilə ilə aşağıdakı razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir. Kreditin mqsədi/təyinatı: sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi, uzunmüddətli kredit xəttinin məbləği: 300.000 manat; kreditin maksimum müddəti: 120 ay; kreditin son müddəti: kredit sazişində həmin kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə xx.xx.2033-cü il; kreditini faiz dərəcəsinin yuxarı həddi: 28 ay; aylıq ödənişin yuxarı həddi: 50.000 manat; cari hesab: hər dəfə müvafiq kredit sazişində kredit alan ilə bilavasitə razılaşdırılan kredit alanın bankda olan cari hesabı; kart hesabı: hər dəfə müvafiq kredit sazişində kredit alan ilə bilavasitə razılaşdırılan kredit alanın bankda olan kart hesabı. Verilən hər bir kredit üzrə kredit məbləği, kreditin faiz dərəcəsi, kredit müddəti, məqsədi, FİFD, olduğu təqdirdə ödəniş planı və digər xüsusi şərtləri hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilir. Zamin, bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X2 tərəfindən "xxxx" QSC-nin “Babək” filialına Cavabdeh kredit borcu üzrə 2500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X2 tərəfindən "xxxx" QSC-nin “Nərimanov” filialına Cavabdeh kredit borcu üzrə 650 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış 101237 nömrəli məktubdan görünür ki, «xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə zamin qismində "xxxx" QSC qarşısında 8000 manat həcmində borc öhdəliyiniz mövcud olmuşdur. Diqqətinizə çatdırırıq ki, həmin borc öhdəliyinizi tam olaraq yerinə yetirmisiniz və hazırda həmin kredit razılaşması üzrə "xxxx" QSC qarşısında zamin qismində öhdəliyiniz mövcud deyildir». - AZ-İ seriyalı 657759 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 xx.xx.2011-ci il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Qazıyeva soyadı verilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 51.50 manat dövlət rüsumu ödəmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5817/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə 209 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. - X2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı həyat yoldaşıdır. İddiaçı işdə olduğu üçün 2500 manat və 650 manat pulu ona vermişdir ki, "xxxx" QSC-nə ödəsin. Həmin pul vəsaitini ödəniş etmək üçün ona Kamran təqdim etmişdir. O da Kamranın tapşırığı ilə həmin pulu banka ödəmişdir. Gələcəkdə 3150 manat pul vəsaiti ilə bağlı Kamrana və digər üçüncü şəxslərə qarşı iddiası və ya hər hansı tələbi olmayacaq. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" QSC ilə İsmayılova (Hüseynzadə) Nəzrin Ceyhun qızı arasında xx.xx.2023-cü il tarixli 002L**********68 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xəttini açmışdır. İddiaçı həmin müqavilə üzrə İsmayılova (Hüseynzadə) Nəzrin Ceyhun qızının öhdəliklərinin icrası üçün onunla birgə və tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh İsmayılova (Hüseynzadə) Nəzrin Ceyhun qızı kredit müqaviləsi üzrə ödənişləri vaxtında və tam şəkildə icra etmədiyindən, zamin kimi İddiaçı tərəfindən banka 2500 manat və 650 manat olmaqla, cəmi 3150 manat məbləğində pul ödənilmişdir. xx.xx.2023cü il tarixli kredit razılaşması üzrə İddiaçı "xxxx" QSC qarşısında zamin qismində öhdəliyi mövcud deyildir. Hazırda iddiaçı cavabdehin öhdəliyinə görə zamin kimi ondan tutulmuş 3150 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

476. Zaminliklə təmin edilən öhdəliyi icra etmiş borclu bu barədə dərhal zaminə məlumat verməlidir. Mülki Məcəllənin 470, 472, 475 və 476-cı maddələrinin sistemli təhlilindən göründüyü kimi zaminlik öhdəliyinin məzmunu kreditorun tələb hüququndan və zaminin öhdəlik üzrə məsuliyyət daşımasından ibarətdir. Zaminlik hüquq münasibətləri subyekt tərkibi baxımından kreditor, borclu və zamindən ibarətdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zaminin birgə məsuliyyəti nəzərdə tutulduğu halda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Borclunun kreditor qarşısında öhdəliyinin zamin tərəfindən ödənildiyi halda, yuxarıda qeyd olunan subyekt tərkibinə əsaslanan hüquqi konstruksiya dəyişilir. Belə ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Mülki Məcəllənin 475-ci maddəsi öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsi məqsədi daşıyır. Həmin normanın tətbiq edilməsi üçün başılıca şərtzaminin borcu ödəməsidir. Bu isə kreditora mənsub olmuş tələb hüququnun zaminə keçməsinə səbəb olur. Yəni öhdəlikdə şəxslərin dəyişməsi baş verir. Borcun ödənilməsi nəticəsində kreditor öhdəlikdən çıxır və onun yerini zamin tutur. Mülki Məcəllənin 475.2-ci maddəsində deyilir ki, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu norma ondan əvvəlki normanı tamamlayır və müqayisəli təhlil əsasında birmənalı anlaşılır ki, 475.1-ci maddə məzmun etibarilə zaminə keçmiş tələb hüququnun həcmini tənzimləyir. 475.2-ci maddə isə zaminin borcluya qarşı tələb hüququnun yaranması üçün hüquqi əsasları müəyyən edir. Bu normaya əsasən zaminin borcluya qarşı tələb hüququnun yaranması üçün zaminin öhdəliyi icra etməsi ilə yanaşı, kreditorun borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etmiş olmalıdır. Bu hallar onu deməyə əsas verir ki, zaminliyin hüquqi təbiəti baxımından zaminin borcluya qarşı tələb hüququ borc tam ödənildikdən sonra keçir. Mülki Məcəllənin 475-ci maddəsinin tətbiq olunması üçün ilk növbədə zəruri dispozisiya şərti olan öhdəliyin zamin tərəfindən icra edilməsi müəyyən olunmalıdır. “Öhdəliyin zamin tərəfindən icra edilməsi” dedikdə, zamin tərəfindən ödənilmiş məbləğin borca nisbətdə tam və ya qismən olmasından asılı olmayaraq, müqavilə üzrə borcun tam ödənilmiş olması ehtiva edilir. İşin hallarından görünür ki, cavabdehin bank qarşısında öhdəliyi iddiaçı tərəfindən tam şəkildə icra olunmuşdur və bununla bağlı bank tərəfindən iddiaçıya müvafiq sənəd təqdim edilmişdir. Göstərilənlərə və qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xərcinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh İsmayılova (Hüseynzadə) Nəzrin Ceyhun qızından 3150 (üç min yüz əlli) manat məbləğində pul və 51.50 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 3150 manat məbləğində pul və 51.50 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar