Məhkəmə qərarları › İş №e-2(008)-6833/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6833/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6833/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "X3" Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "909,47 manat əsas kredit, 17,08 manat kreditdən istifadəyə görə faiz olmaqla, cəmi 926,55 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "X3" Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "915,34 manat əsas kredit, 68,47 manat kreditdən istifadəyə görə faiz olmaqla, cəmi 983,81 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 909,47 manat əsas kredit, 17,08 manat kreditdən istifadəyə görə faiz olmaqla, cəmi 926,55 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli 53 nömrəli əsas kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Göstərilən xx.xx.2021-ci il tarixli 53 nömrəli Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 ilə 83 nömrəli "Zaminlik müqaviləsi" imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə "Borcalan" zaminliklə təmin olunmuş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli 2023-1526 nömrəli məktubla müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdiyinə görə işə onun iştirakı olmadan baxıldı. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, iddiaçı "X3" Bakı filialı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 53 nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 19 % ödəmək şərtilə 3000 manat kredit verilmişdir. İşdə olan, iddiaçı "X3" Bakı filialı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 83 nömrəli "Zaminlik müqaviləsi"ndən görünür ki, Cavabdeh2 bankla borcalan arasında xx.xx.2021-ci il tarixli, 53 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 verilmiş 3000 manat məbləğində kredit və hesablanmış faizləri üzrə borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirilənədək zamin olaraq, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli "Maliyyə arayışı"ndan görünür ki, Cavabdeh1 iddiaçı "X3" Bakı filialına xx.xx.2021-ci il tarixli müqavilə üzrə 909,47 manat əsas kredit, 17,08 manat kreditdən istifadəyə görə faiz olmaqla, cəmi 926,55 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 borcun ödənilməsi təklif edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli "Zaminə bildiriş"dən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən edilir ki, cavabdehlərin iddiaçıya əsas borcu 909,47 manat, kreditdən istifadəyə görə faiz olmaqla 17,08 manat, cəmi 926,55 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehlərdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehlərə aid edilməli, həmin məbləğ onlardan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 909,47 manat əsas kredit borcu, 17,08 manat kreditdən istifadəyə görə faiz borcu, 30 manat dövlət rüsumu olmaqla, cəmi 956,55 manat məbləğində pul alınaraq iddiaçı "X3" Bakı filialına ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar