Məhkəmə qərarları › İş №e-2(008)-694/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-694/2023

27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-694/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2818.08 manat vurulmuş zərər, 196.62 manat debitor borc və 50.15 manat dövlət rüsumunun, ümumilikdə 3064.85 manat məbləğində pulun məcburi qaydada tutularaq "Azəriqaz" İBnin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində T/17942 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "Azəriqaz" İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********40000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında "Azəriqaz" İB-nə 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında "Azəriqaz" İB-nə 32.40 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında "Azəriqaz" İB-nə 540 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında "Azəriqaz" İB-nə 295.20 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında "Azəriqaz" İB-nə 894.24 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında "Azəriqaz" İB-nə 298.08 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında "Azəriqaz" İB-nə 725.76 manat, cəmi 2818.08 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Cavabdehin 2020-ci ilin mart-dekabr ayları üzrə ödənilməmiş 80.40 manat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 119.46 manat borcu, 2022-ci ilin yanvar-iyul ayları üzrə 56.76 manat sərfiyyat borcu, cəmi 256.62 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2022-ci ilin iyul ayına qədər cavabdeh cəmi 60 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 196.62 manat borcu da qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli olan borcunun məbləği saldo üzrə cəmi 3014.70 manat təşkil edir. Cavabdehin 3014.70 manat məbləğində borcundan əlavə, 2019-cu ilin iyul ayınadək 1779.40 manat zərərin və 30 manat dövlət rüsumunun tutulması barədə Birliyin xeyrinə xx.xx.2019-cu il tarixli 2(008)-5997/2019 saylı qətnamə çıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2018-ci il tarixli T/17942 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. - abonent kodu **********40000 olan saldodan görünür ki, istehlakçı Cavabdeh təbii qazdan istifadəyə görə 2019-cu ilin avqust-2022-ci ilin iyul ayı üzrə cəmi 3014.70 manat borcu yaranmışdır. - təbii qazdan istidafə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktların surətlərindən görünür ki, istehlakçı Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etmiş, itirilmiş qazın bərpası üçün 2818.08 manat məbləğində borc hesablanmışdır. Bundan başqa, cavabdehin 2020-2022-ci illər üzrə debitor borcu 196.62 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə cavabdeh təbii qazdan istifadə etmiş, lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuş və nəticədə cavabdehin borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır(maddə 385.1). Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1). Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3014.70 manat borc, 50.15 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3064.85 manat məbləğində pul vəsaiti alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3014.70 manat borc, 50.15 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3064.85 manat məbləğində pul vəsaiti alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar