Məhkəmə qərarları › İş №e-2(008)-710/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-710/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-710/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7401,52 manat əsas borc, 171,36 manat cari faiz borcu və 1,47 manat cərimə borcu olmaqla, cəmi 7574,35 manat məbləğində borcun, 95,75 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2” ASC Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ikinciyə 25% 50 ay müddətinə 7563 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixi üçün 7401,52 manat əsas borcu, 171,36 manat cari faiz borcu və 1,47 manat cərimə borcu olmaqla, cəmi 7574,35 manat borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etimşdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcunu etiraz etdi, lakin ayda 100 manatdan artıq pulu ödəmək iqtidarında olmadığını bildirdi. Məhkəmə, cavabdehin izihatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında görünür ki, “X2” ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə Cavabdeh 25% 50 ay müddətinə 7563 manat məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib edilmişdir. İşdə olan “X2” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə banka 7401,52 manat əsas borcu, 171,36 manat faiz borcu və 1,47 manat cərimə olmaqla, cəmi 7574,35 manat borcu vardır. İş materiallarında olan “X2” ASC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarının surətlərindən görünür ki, bank öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit borcunun ödənilməsi və müqaviləyə xitam verilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. İş materiallarından borcun ödənilməsi görünmür. Hazırda iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutularaq ödənilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilələr ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən 7401,52 manat əsas borc, 171,36 manat cari faiz borcu və 1,47 manat cərimə borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X2” ASC xeyrinə 7401,52 manat əsas borc, 171,36 manat faiz borcu və 1,47 manat cərimə borcu olmaqla, cəmi 7574,35 manat məbləğində borc, 95,75 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar