Məhkəmə qərarları › İş №e-2(008)-7204/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7204/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7204/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 80000 manatın və hazırkı iddianın verilməsi ilə əlaqədar olaraq 330 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 80000 manatın və hazırkı iddianın verilməsi ilə əlaqədar olaraq 330 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 347a nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc bağ evinə yönəldikdən və o, satıldıqdan sonra Cavabdeh1 və orada onunla birlikdə yaşayan şəxslərin çıxarılaraq, bağ evinin boşaldılması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü ildə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, o, Cavabdeh1 148900 manat məbləğində borc verməyi, cavabdeh isə xx.xx.2023-cü ilədək manatın ABŞ dollarına nisbətən həmin günün məzənnəsinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər xx.xx.2023-cü ildə müqavilə bağlayaraq öhdəliyin icra müddətini xx.xx.2023-cü ilə kimi müəyyən etmiş, xx.xx.2023-cü ildə isə yeni müqavilə bağlayaraq öhdəliyin icra müddətini xx.xx.2024-cü ilə kimi uzatmışlar. Sözügedən öhdəliyin təminatı kimi xx.xx.2024cü ildə onunla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, eyni zamanda, həmin tarixdə tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən öhdəliyin təminatı olaraq borclu Cavabdeh1 özünə məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 347a nömrəli bağ evini ipoteka ilə yüklü etmişdir. Müqavilədə nəzərdə tutulan müddətin başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən öhdəlik tam icra edilməmişdir. Belə ki, cavabdeh borcundan müəyyən məbləği ona ödəmiş, cavabdehin hazırda 80000 manat (46920 ABŞ dolları) borcu qalmışdır. Əslində borc cavabdehə ABŞ dolları ilə verilmiş və həmin gün həmin məbləğ manata uyğun olaraq, 148900 manat kimi rəsmiləşdirilmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh1 iddianı qismən etiraf edərək izahatında bildirdi ki, İddiaçı onun 80000 manat borcu vardır və o, həmin borcu tezliklə ödəyəcək. İddianın qalan hissələri ilə isə razı deyil. Cavabdeh1 məhkəməyə iddianın 80000 manat məbləğində borcla bağlı hissəsini etiraf etməsi barədə ərizə də verdi. Cavabdeh2 məhkəməyə ərizə göndərərək xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini bildirmiş və məhkəmə iclasının onsuz keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmə baxışı onun iştirakı olmadan keçirildi. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli ayrıca qərardadı ilə İddiaçı hazırkı iddia ərizəsi "tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 347a nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi" hissəsində baxılmamış saxlanılmışdır. Bundan başqa, məhkəmənin xx.xx.2024-cü il tarixli başqa bir qərardadı ilə hazırkı mülki iş üzrə icraata "borc bağ evinə yönəldikdən və o, satıldıqdan sonra Cavabdeh1 və orada onunla birlikdə yaşayan şəxslərin çıxarılaraq, bağ evinin boşaldılması" tələbinə aid hissədə xitam verilmişdir. Beləliklə, hazırkı qətnamə iddianın yalnız "cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 80000 manatın və hazırkı iddianın verilməsi ilə əlaqədar olaraq 330 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi" tələbi ilə bağlı çıxarıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı və Cavabdeh1 arasında xx.xx.2023-cü ildə kredit müqaviləsi bağlanmış, həmin müqavilə Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-188 nömrəsi ilə qeyd olunmuşdur. Müqavilədə İddiaçı Cavabdeh1 148900 manat məbləğində pulu borc verməsi, sonuncunun isə krediti xx.xx.2023-cü ilədək iddiaçıya manatın ABŞ dollarına nisbətən həmin günün məzənnəsinə uyğun olaraq qaytarması nəzərdə tutulmuşdur. Bundan sonra xx.xx.2023-cü ildə İddiaçı və Cavabdeh1 "xx.xx.2023-cü il tarixli 3M-188 reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndinə dəyişiklik edilməsi haqqında saziş" bağlamış və həmin sənəd notariat qaydasında təsdiq edilmişdir. Sazişdə tərəflər xx.xx.2023-cü il tarixli 3M-188 reyestr nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilmə müddətinin xx.xx.2023-cü ilə kimi müəyyən edilməsi barədə razılığa gəlmişlər. Bundan sonra xx.xx.2023-cü ildə İddiaçı və Cavabdeh1 "Müqavilədə düzəlişə dair müqavilə" bağlamış və həmin müqavilə notariat qaydasında təsdiq edilmişdir. Göstərilən müqavilədə tərəflər xx.xx.2023-cü il tarixli 3M-188 reyestr nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilmə müddətinin xx.xx.2024-cü ilə kimi müəyyən edilməsi barədə razılığa gəlmişlər. İddiaçı və Cavabdeh1 arasında xx.xx.2023-cü ildə "ipoteka müqaviləsi" bağlanmış və həmin müqavilə notariat qaydasında təsdiq edilmişdir. Müqavilədə ipoteka qoyan Cavabdeh1 özünə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 347a nömrəli bağ evini xx.xx.2023-cü il tarixli 3M-188 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan başqa, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli "Zaminlik müqaviləsi" bağlanmış və həmin müqavilə də notariat qaydasında təsdiq edilmişdir. Müqavilədə zamin Cavabdeh2 Cavabdeh1 İddiaçı xx.xx.2023-ci ildə bağlanmış 3M-188 nömrəli kredit müqaviləsi üzrə 148900 manat kredit və оna hesablanmış faizlərin, bоrc tutulması üzrə məhkəmə хərclərinin və Cavabdeh1 öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində İddiaçı dəyən digər zərərin (kоmisyon, dəbbə pulu, məhkəmə хərcləri və s.) əvəzinin ödənilməsi də daхil оlmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür. Müqavilədə bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti bоrc alanın borc verən qarşısında xx.xx.2023-cü ildə bağlanmış 3M-188 nömrəli kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək nəzərdə tutulmuşdur. Həmçinin, müqavilədə göstərilmişdir ki, bu müqavilənin qüvvədə оlma müddəti bоrc alanın Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin borc verən qarşısında qüvvədə оlma müddəti ilə üst-üstə düşür. İşdə olan xx.xx.2023-cü il tarixli "Kredit müqaviləsi"ndən görünür ki, həmin müqavilə İddiaçı və Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-188 nömrəsi ilə qeyd olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli "xx.xx.2023-cü il tarixli 3M-188 reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndinə dəyişiklik edilməsi haqqında saziş"dən görünür ki, həmin saziş İddiaçı və Cavabdeh1 arasında bağlanmış və notariat qaydasında təsdiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli "Müqavilədə düzəlişə dair müqavilə"dən görünür ki, həmin müqavilə İddiaçı və Cavabdeh1 arasında bağlanmış və notariat qaydasında təsdiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli "İpoteka müqaviləsi"ndən görünür ki, həmin müqavilə İddiaçı və Cavabdeh1 arasında bağlanmış və notariat qaydasında təsdiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli "Zaminlik müqaviləsi"ndən görünür ki, həmin müqavilə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və notariat qaydasında təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Ona görə də məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi) Müəyyən edilir ki, Cavabdeh1 İddiaçı xx.xx.2023-cü ildə 148900 manat pul borc almış, tərəflər borcun qaytarılması müddətini xx.xx.2023-cü ilədək müəyyən etmiş, bundan sonra həmin müddəti xx.xx.2023-cü ilə kimi, daha sonra isə xx.xx.2024-cü ilə kimi uzatmışlar. İddiaçı həmin məbləğin bir hissəsinin ona ödənildiyini, 80000 manat hissəsinin isə bugünədək ödənilmədiyni bildirərək hazırda qalan 80000 manat məbləğin ona ödənilməsini tələb edir. Cavabdeh1 göstərilən iddia tələbini etiraf edir. Lakin iddiaçı qeyd olunan məbləği təkcə Cavabdeh1 deyil, onunla müştərək qaydada həm də digər Cavabdeh2 tələb etdiyinə görə məhkəmə hesab edir ki, etirafın qəbul edilib-edilməməsi məsələsinin həll edilməsindən əvvəl iddianın Cavabdeh2 aid hissəsinin əsaslılığına qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə görə, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2018-ci il tarixli Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin "onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması" müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Cavabdeh2 zamin qismində bağladığı xx.xx.2023-cü il tarixli "Zaminlik müqaviləsi"ndə göstərilmişdir ki, həmin müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası xx.xx.2023-ci ildə bağlanmış 3M-188 nömrəli kredit müqaviləsidir və bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti bоrc alanın borc verən qarşısında xx.xx.2023-cü ildə bağlanmış 3M-188 nömrəli kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədəkdir. Həmçinin, müqavilədə göstərilmişdir ki, borc verən borc alanla bağladığı xx.xx.2023-cü ildə bağlanmış 3M-188 nömrəli Kredit müqaviləsinin və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrin şərtlərini zaminin razılığı оlmadan dəyişdirə bilməz. Bundan başqa, müqavilədə nəzərdə tutulmuşdur ki, bu müqavilənin qüvvədə оlma müddəti bоrc alanın Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin borc verən qarşısında qüvvədə оlma müddəti ilə üst-üstə düşür. İş materialları ilə müəyyən olunur ki, zaminlik müqaviləsində Cavabdeh2 xx.xx.2023-ci ildə bağlanmış 3M-188 reyestr nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına görə məsuliyyəti öz üzərinə götürmüş, həmin kredit müqaviləsində isə Cavabdeh1 öhdəliklərinin icrası müddəti xx.xx.2023-cü ilədək göstərilmişdir. Həmin müddətin xx.xx.2023-cü ilə, sonra isə xx.xx.2024-cü ilə kimi artırılması barədə müqavilələrin bağlanmasında Cavabdeh2 iştirak etməmiş və buna razılıq verməmişdir. Müddətin artırılması barədə birinci müqavilənin (xx.xx.2023-cü il) zaminlik müqaviləsindən əvvəl, ikincisinin isə (xx.xx.2023-cü il) zaminlik müqaviləsi ilə eyni gündə bağlanmasına baxmayaraq, zaminlik müqaviləsində ümumiyyətlə həmin müqavilələr barəsində bəhs edilməmiş və müddətin artırıldığı qeyd olunmamışdır. İddiaçının nümayəndəsi Vəkil Cavabdeh2 kreditin müddətinin artırılması barədə məlumatlı olduğunu bildirsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, kredit müddəti zamin Cavabdeh2 razılığı olmadan artırılmış və bu dəyişdirilmə onun üçün əlverişsiz nəticəyə səbəb olmuşdur ki, bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə uyğun olaraq, zaminliyə xitam verilməsi üçün əsaslardan biridir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, İddiaçı kredit borcunun həm də Cavabdeh2 tutulmasını tələb etməkdə haqlı deyil. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 etirafı qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də qəbul edilməli, iddia qismən təmin edilərək, ondan 80000 manat məbləğində pul alınıb İddiaçı ödənilməli, iddia 80000 manat məbləğində borcun müştərək qaydada Cavabdeh2 da tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının 80000 manat məbləğində pul tələbinin Cavabdeh1 münasibətdə təmin olunmasını nəzərə alaraq, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 330 manat məbləğində dövlət rüsumu həmin cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 80000 manat məbləğində borc və 330 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia 80000 manat məbləğində borcun müştərək qaydada Cavabdeh2 da tutulması hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar